Əz-Zumər surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əz-Zumər surəsi" üzrə 75 ayə tapıldı.
Həqiqətən Biz bu kitabı sənə insanlar üçün, haqq olaraq nazil etdik. Buna görə də kim doğru yola gəlsə öz xeyrinə hidayət olub və kim yolunu azsa yalnız öz ziyanına azır. Sən onların işlərinin vəkili deyilsən (ki, imanı onların qəlbinə çatdırmaq vəzifəsi daşıyasan. Bu, Allahın işidir).
Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır.
Yoxsa onlar Allahın yerinə şəfaətçilər (şəafətçi adlandırdıqları bütlər) götürüblər? De: «Hətta heç nəyə malik olmasalar və heç nə dərk etməsələr belə (yenə onları şəfaətçi hesab edirsiniz)?!»
De: «Şəfaət və vasitəçilik bütünlüklə (istər səbəb və nəticələr arasındakı icbari vasitəçiliklər, istərsə də axirət aləmindəki şəfaətlər) Allaha məxsusdur. (Çünki,) həqiqi mülkiyyət və göylərin və yerin hakimiyyəti Ona məxsusdur. (Ona görə ki, hər bir şeyin yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun əlindədir.) Sonra sizin hamınız Ona tərəf qaytarılacaqsınız.»
Allahın təkliyi zikr edilən zaman axirətə imanı olmayanların qəlblərində ikrah və nifrət yaranar. Ondan qeyriləri (bütlər) yada salınan zaman isə birdən sevinərlər.
(Onların iman gətirmələrinə naümid olduqdan sonra) de: «Allahım! Ey göylərin və yerin yaradanı, gizli və aşkarı bilən! Bəndələrin arasında (dünyada) ixtilaf etdikləri şey barəsində (axirətdə) Sən hökm çıxaracaqsan!»
Əgər yer üzündə olanlar və onun daha bir misli (küfr etməklə özlərinə) zülm etmiş kəslərin olsa, şübhəsiz, Qiyamət günü hamısını özlərini əzabın pislik və çətinliyindən qurtarmağa fəda edərlər. Onlar üçün Allah tərəfindən güman etmədikləri (şiddətli əzab) zahir olacaqdır.
Onlar üçün pis əməllər və əməllərinin cəzası zahir olacaq və onları (dünyada) istehza etdikləri şey (Qiyamətin çətinlikləri və cəhənnəmin müxtəlif əzabları) bürüyəcəkdir.
Bəli, insana bir zərər-ziyan yetişən zaman Bizi çağırar. Sonra ona Öz tərəfimizdən bir nemət əta edən kimi «o mənə bacarığıma görə verilib» deyər. (Xeyr!) Əksinə, (o, Allah tərəfindən) bir imtahandır, lakin onların çoxu bilmirlər.
Həqiqətən bu sözü onlardan qabaqkılar (Qarun və onun yoldaşları) da demişdilər. Lakin əldə etdikləri (mallar) onlardan (Allahın əzabından) bir şeyi dəf etmədi.
Beləliklə əldə etdiklərinin pis cəzası onlara yetişdi. Bunların (Məkkə kafirlərinin) zülm edənlərinin də əldə etdiklərinin pis cəzası tezliklə onlara çatacaqdır və onlar əsla Bizi (intiqam almaqda) aciz qoya bilməzlər.
Məgər onlar ruzini istədiyi kəs üçün genişləndirən və daraldanın Allah olmasını bilməyiblər? Həqiqətən bunda (bu işdə) iman gətirənlər üçün (Allahın qüdrət, tədbir və hikmətindən) nişanələr vardır.
De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!
Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun.
Özünüzün də xəbəriniz olmadan qəfil əzab sizə yetişməmişdən öncə Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl şeylərə (əqidə və əməl barəsindəki vacibata və mənəvi fəzilətlərə) tabe olun.
(Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən mən məsxərə edənlərdən idim» desin.
Yaxud da (məbada kimsə) «əgər Allah məni doğru yola yönəltsəydi mütləq təqvalılardan olardım» desin. 58. Yaxud (məbada) əzabı görən zaman «ey kaş qayıda və yaxşılardan ola biləydim!» desin.
(Həmin şəxsə belə deyilər:) Xeyr! Mənim ayə və nişanələrim sənə gəldi, amma sən təkzib və inkar etdin, təkəbbür göstərdin və (həmin vaxt) kafirlərdən idin.
Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!
75 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə