"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
«Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər (Maidə surəsi, 103-cü ayə); Allahın (ruh və cismdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.
Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir.
İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!
(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.
kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir.
Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur.
(Hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və nəzərdə tutulan zamanda yox edilməsi Allahın iradə və istəyi ilə olduğu üçün) göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Allah həmişə (vücud, qüdrət və elm baxımından) hər şeyi əhatə etmişdir.
Səndən qadınlar (onlarla evlənmək və onların irsi) barəsində hökm istəyirlər, de: «Onlar barəsində sizə (surənin əvvəlində gördüyünüz kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə oxunan şeylər – qərara alınmış haqlarını vermədiyiniz və evlənməyə rəğbət göstərmədiyiniz yetim qızlar barəsində, eləcə də (mallarını yediyiniz) zəif və aciz uşaqlar barəsində (hökm verir). Və (Allah sizə) yetimlərlə ədalətli və insafla davranmağınızı (tövsiyə edir).» Şübhəsiz Allah gördüyünüz hər bir xeyir işi bilir.
Əgər bir qadın öz ərinin itaətsizliyindən ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq və gözü götürməzlik təbiətcə (insanların) canların(ın) ayrılmaz bir hissəsinə çevrilmişdir (onların öz haqlarından keçmələri çətindir). Əgər yaxşılıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.
Siz hər nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə də (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz Allah həmişə bağışlayan və mehribandır.
Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən Biz sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərə, eləcə də sizə tövsiyə etdik ki, Allahdan qorxun və (hamıya xəbərdarlıq etdik ki,) əgər küfr etsəniz (Ona heç bir ziyan vurmazsınız, çünki) göylərdə və yerdə olanlar Allaha məxsusdur. Allah həmişə ehtiyacsız və (sifət və işlərində) təriflənəndir.
Ey insanlar! Əgər istəsə sizin hamınızı aradan aparar və başqa bir dəstəni (vücuda) gətirər. Allah bu işə həmişə qadirdir.
Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin. Əgər (dava edən tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə alaraq haqqa zidd şahidlik etməyin, çünki) Allah onlara (onların halını nəzərə almağa) daha layiqlidir. Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz. Əgər dil(inizi nahaq tərəfə) əysəniz ya (şəhadət verməkdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən Allah etdiklərinizdən həmişə xəbərdardır.
Ey Allaha iman gətirənlər, Allaha və Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin. Ey dillə iman gətirmiş kəslər, (səmimi qəlbdən) iman gətirin! Ey imanları gerçəkləşmiş kəslər, onun qorunmasında möhkəm olun. Kim Allaha və Onun mələklərinə, (səmavi) kitablarına, göndərdiyi peyğəmbərlər(in)ə və axirət gününə kafir olsa, həqiqətən, uzun-uzadı bir azğınlığa düşmüşdür.
Həqiqətən Allah iman gətirib sonra kafir olan, (daha sonra) yenə iman gətirib bir daha kafir olan, daha sonra küfrlərini artıran kəsləri, əsla bağışlayan və (doğru) yola hidayət edən deyildir. (İman və küfr halları bir neçə dəfə təkrar olunmuş və nəhayət küfr üzərində dayanan kəslər iman gətirməyə nail ola bilməzlər.)
Münafiqləri (Bərzəx aləmində və Qiyamətdə) onlar üçün ağrılı bir əzab olacağı ilə müjdələ.
Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların (kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur.
Həqiqətən Allah sizə bu kitabda (6-cı surənin 68-ci ayəsində) nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır.
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə