"Ad" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ad" üzrə 2613 ayə tapıldı.
Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi (əmrlərinə qeydsiz-şərtsiz itaət etmək baxımından) Allahın yerinə tanrılar götürdülər, halbuki onlara yalnız Ondan başqa bir məbud olmayan tək Allaha ibadət etmələri əmr olunmuşdu. O, qoşulan şəriklərdən pak (və uzaq)dır.
Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ.
O gün ki, onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): «Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!» (deyiləcəkdir).
Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və yer kürəsi ilə ayın günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm) aylardır (və onlarda döyüş haramdır). Bu, möhkəm və əbədi bir dindir (dinin hökmüdür). Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin. Və (döyüş zamanı) müşriklər sizin hamınızla vuruşduqları kimi siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah pərhizkarlarladır.
Həqiqətən (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar (məsələn, bir Şə’ban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər) ki, sizinlə və Allahın haram etdiyi ilə uyğunlaşsınlar (və bir ildə dörd haram ay olsun), amma (nəticədə) Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zinətlənmişdir. Allah kafirlərin dəstəsini hidayət etməz.
Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir.
Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən (Peyğəmbərlə Əbu Bəkrdən) biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Saur» mağarasında) olduqları vaxt və o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman Allah ona kömək etdi(yi kimi yenə də kömək edəcəkdir). Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq və xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir.
Yüngül və ağır (süvari və piyada, yaxud cavan və qoca cihad meydanına tərəf) hərəkət edin və öz mallarınız və canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.
Allah səni bağışlasın! Nə üçün doğruçular(ın halı) sənə aydınlaşmamış və yalançıları tanımadan onlara (döyüşə getməmək üçün) izn verdin?
Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməkdən qalmaq üçün səndən izn istəmirlər (çünki təkid olunmuş bir vacib olan həmin cihadın yerinə yetirilməsi üçün izn istəmək lazım deyil və eləcə də onun haram sayılan tərki üçün icazə almaq caiz deyil). Allah pərhizkarları tanıyandır.
(Cihaddan yayınmaq üçün) səndən yalnız Allaha və axirət gününə imanları olmayan və qəlbləri şəkk və tərəddüdə düşən kəslər izn istəyərlər. Onlar həmişə öz şəkk və tərəddüdlərində sərgərdandırlar.
Əgər onların (cihad üçün) çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların (yola düşüb) hərəkət etmələrini xoşlamırdı. Buna görə də (köməyini əsirgəməklə) onları saxladı və (sanki onlara) «oturanlarla (qadınlar, uşaqlar və acizlər kimi) oturun» deyildi.
Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz, sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda cəsuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır.
Həqiqətən onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz).
Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.)
Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar.
Onların sədəqələrinin qəbul olunmasına Allaha və Onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər.
Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
Onların bəzisi sədəqələr(in bölünməsi) barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə razı qalar və əgər verilməsə (hətta haqları olmasa belə), qəfildən qəzəblənərlər.
Həqiqətən sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir.
2613 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
131 Səhifə