"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
(Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və ins(an) ümmətləri içərisində oda daxil olun». Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər. Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: «Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat Cəhənnəm əzabı ver». Allah buyuracaq: «Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz».
Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk.
Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) yataq və başları üstündən (elə həmin oddan) örtüklər vardır. Biz zalımları belə cəzalandırırıq.
İman gətirib yaxşı işlər görənlər – (və əlbəttə) Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq – Cənnət əhlidirlər ki, orada əbədi qalacaqlar.
Biz onların sinələrində olan kin-küdurət və düşmənçiliyin hamısını çəkib çıxararıq. Onların (ayaqlarının) altından çaylar axır. Və onlar deyərlər: «Həmd və şükr Bizi bu (gözəl yerə) hidayət etmiş Allaha məxsusdur və əgər Allah bizim bələdçimiz olmasaydı, biz doğru yolu əsla tapmazdıq. Doğrudan da Rəbbimizin peyğəmbərləri haqq və doğruluqla (bu məqsədlə) gəldilər.» Və onlara nida olunacaq ki: «Bu Cənnət (dünyada) etdiklərinizin mükafatı olaraq sizə verildi və (kafirlərin payı olan və onların əmməllərini düzəldəcəkləri təqdirdə bəhrələnmələri üçün nəzərdə tutulmuş) o Cənnət (də) əməllərinizə görə irs olaraq sizə çatdı (onların küfrləri ölüm hökmündədir və payları sizə düşdü)».
O iki dəstənin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında bir pərdə və arakəsmə vardır. Ə’rafın üstündə hər bir dəstəni simalarından tanıyan (məsumlar və Allahın övliyalarından olan) kişilər vardır. Onlar hələ daxil olmamış və (lakin daxil olmalarına) ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər.
Və Ə’rafın üstündə olan kəslər üzlərindən tanıdıqları (Cəhənnəm əhlindən olan) kişiləri səsləyər (və onları məzəmmət etmək məqsədilə) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz (yaxud topladığınız mal-dövlət) və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!»
(Və möminlərə işarə edərək deyərlər:) «Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız».
Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün». Deyəcəklər: «Həqiqətən Allah bu ikisini kafirlərə haram etmişdir.»
O kəslərə ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünyayatı onları aldatdı. Beləliklə, onlar bu günki görüşlərini yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları yaddan çıxaracağıq.
Yoxsa onlar onun tə’vil və yozumundan başqa bir şey gözləyirlər? (Onlar Qur’anın cəza və mükafat vədlərinin Qiyamətdə eynilə gerçəkləşməsindən başqa şey gözləyirlər?) Onun tə’vili gələn gün onu əvvəldən unutmuş kəslər «doğrudan da Rəbbimizin peyğəmbərləri bizə həqiqəti gətirdilər (lakin biz qəbul etmədik), buna görə də, görəsən (bu gün) bizim üçün bizə şəfaət edəcək şəfaətçilər varmı, yaxud etdiklərimizdən qeyrilərini yerinə yetirməyimiz üçün (dünyaya) qaytarıla bilərikmi?» deyəcəklər. (Xeyr,) onlar (həmin gün) şübhəsiz özlərini ziyana uğratmışlar və iftira etdikləri (yalandan Allaha şərik qoşduqları) şey onların gözlərindən itib.
Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı günə bərabər bir müddət ərzində, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaratmış Allahdır. Sonra (varlıq aləminin idarə) taxt(ın)a hakim oldu. O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir.
Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən O, həddi aşanları sevmir.
Yer üzündə onun (peyğəmbərlər və səmavi şəriətlər vasitəsilə) düzəlməsindən sonra (küfr və fisqlə) fəsad törətməyin və Onu qorxu və ümidlə çağırın ki, həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır.
Küləkləri rəhmətindən (yağışdan) qabaq müjdəçi olaraq göndərən Odur. Belə ki, (külək) ağır yüklü buludları götürdüyü zaman, Biz onu ölü məmləkətə tərəf qovuruq. Beləliklə, onun vasitəsilə suyu (yağış, qar və dolu şəklində) nazil edir, bu yolla (torpaqdan) hər növ meyvə və toxum çıxarırıq. (Qiyamət günü) ölüləri də belə çıxaracağıq. (Bu misalı çəkdik ki,) bəlkə öyüd-nəsihət aldınız.
Pak torpağın bitkisi öz Rəbbinin (əzəli) izni ilə (firavan və bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az və xeyirsiz çıxar (pak insanın təbiətindən gözəl əqidələr, adətlər və işlər, pis təbiətdən isə pis əqidə, sifət və əməllər baş qaldırır). Biz (Öz tovhid) ayələrimizi şükr edən bir dəstə üçün beləcə müxtəlif (şəkillərdə) gətiririk.
Və Ad qövmünə onların (qəbilə yaxud qan) qardaşı Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin, sizin üçün Ondan başqa bir məbud yoxdur, məgər (Onun qəzəbindən) qorxmursunuz?»
Qövmünün kafir olan böyükləri və başçıları dedilər: «Doğrudan da biz səni səfehlik və nadanlıq içərisində görürük və həqiqətən səni yalançılardan hesab edirik».
Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin diliylə sizi (Allahın əzabı ilə) qorxutmaq üçün bir zikrin gəlməsinə (peyğəmbərlik yaxud möcüzənin aşkar edilməsi və ya Nuhun kitab və şəriətinin çatdırılmasına) təəccüb etdiniz? Yada salın o zaman(ı) ki, sizi (yer üzündə) Nuhun qövmündən sonra canişinlər etdi və cismin və bədən qüvvələrinin yaradılmasında sizə üstünlük əta etdi. Buna görə də Allahın nemətlərini xatırlayın, bəlkə nicat tapdınız».
Dedilər: «Sən bizim yanımıza gəlmisən ki, biz yalnız Allaha ibadət edək və atalarımızın ibadət etdiklərini boşlayaq? Onda əgər doğruçulardansansa, vəd etdiyini (ilahi əzabı) gətir».
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə