Əl-İsra surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-İsra surəsi" üzrə 111 ayə tapıldı.
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.
(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam).»
(Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!»
Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir.»
Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.
Sizin Rəbbiniz Onun lütf və ruzisindən arayasınız deyə (gəmini icad etmək qüdrəti və onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə və suyun təbiətini yumşaltmaqla) gəmiləri dənizdə sizin xeyrinizə hərəkət etdirəndir. Çünki O, sizə qarşı həmişə mehribandır.
Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur.
Belə isə, məgər (dənizdən çıxdıqdan sonra) sizi quruda yerə batırmasından, yaxud başınıza xırda daş yağdıran güclü külək göndərməsindən xatircəmsiniz?! Sonra özünüzə sizi müdafiə edəcək bir vəkil də tapmazsınız.
Yoxsa sizi yenidən ora (dənizə) qaytarıb üzərinizə dağıdıcı bir fırtına göndərərək küfrünüzün cəzası olaraq sizi batırmasından xatircəmsiniz?! (Bunu etdikdən) sonra (bu) işimizin müqabilində özünüz üçün Bizə qarşı (bu işlərin) arxasınca düşən bir kəs də tapmazsınız?!
Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik.
(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar).
Həqiqətən az qalmışdı (müşriklər) sənə vəhy etdiyimizdən başqa şeyi yalandan Bizə isnad etməyin (və bütləri tərifləməyin) üçün səni vəhy etdiyimizdən (tovhiddən və dinin əməl üslubundan) döndərsinlər və onda (belə olacağı təqdirdə) səni mütləq özlərinə dost götürərdilər.
Və əgər səni (məsumluq məqamı və mələklərin mühafizəsi ilə) möhkəm və sabitqədəm etməsəydik, həqiqətən az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən.
(Əgər elə olsaydı,) onda Biz sənə iki qat dünya əzabı və iki qat axirət əzabı (dünyada və axirətdə həmin günaha görə başqalarına verilən əzabın iki qatını) daddırardıq, sonra Bizim qarşımızda özünə bir köməkçi tapmazdın.
Və həqiqətən az qalmışdı ki, səni (bu ayənin nazil olmasından qabaq) Məkkə torpağından çıxartmaq üçün təhrik etsinlər. Əgər elə olsaydı, səndən sonra onlar da (orada) yalnız az bir müddət qalardılar (necə ki, o həzrəti çıxartdıqdan bir il sonra Bədr müharibəsində öldürüldülər və Məkkə torpağına qayıtmadılar).
(Budur, Bizim) səndən qabaq göndərdiyimiz peyğəmbərlərimizin (barəsində olan) qayda və yolu(muz ki, onların ümmətlərindən bu cür itaətsizlik və azğınlıqların baş verməsinin ardınca tez bir zamanda həlak edilirdilər). Sən Bizim cari qayda-qanunlarımızda əsla bir dəyişiklik tapmazsan.
Namazı (gündəlik vacib namazların dördünü N zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur.
Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Qur’an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın.
Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»
111 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə