Ali-İmran surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ali-İmran surəsi" üzrə 200 ayə tapıldı.
Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.)
Şübhəsiz, (Həzrət Məsihin) haqq olan hekayət(i) budur. Allahdan başqa bir məbud yoxdur və əlbəttə ki, Allahdır yenilməz qüdrət və hikmət sahibi!
Buna görə də əgər üz döndərsələr, şübhəsiz, Allah fəsad törədənləri (onların halını) biləndir.
De: «Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: «Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq.»
Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub) halbuki Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!
Budur, siz ki, (hələ) elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz (məsələn yəhudilər xristianlarla İsanın Allah olmaması və «üç üqnuma» nəzəriyyəsinin puç olması barəsində, həmçinin xristianların yəhudilərlə İsanın peyğəmbərliyə göndərilməsi və peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs nə üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud xristian olması kimi) elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz.
İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi.
Əlbəttə insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar və həmçinin, bu Peyğəmbər (Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm) və (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı və başçısıdır.
Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır).
Ey kitab əhli, nə üçün Allahın (Tövrat və İncildə Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm-barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz (bilirsiniz ki, həmin ayələr Allah tərəfindəndir)?!
Ey kitab əhli, nə üçün (həqiqətin nə olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli hala salır və haqqı gizlədirsiniz (həqiqətin gizlin qalması üçün Tövrat və İncilin ayələrini təhrif edərək onlara daxil edirsiniz)?!
Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: «İman gətirənlərə nazil olan şeylərə (Qur’an ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər).»
(Həmçinin dedilər): «Və sizin dininizə tabe olandan başqasına inanmayın (həqiqəti açıb deməyin) - de: «Əlbəttə hidayət, Allahın hidayətidir» - ki, məbadə sizə verilən(in) kiməsə veril(mə)sin(in mümkünlüyü məlum olsun) və yaxud onlar Rəbbinizin yanında sizinlə mübahisə etsinlər (edə bilsinlər. Bir sözlə, müsəlmanların da sizin kimi qiblə, din və haqq olan kitaba malik olmalarını və Qiyamətdə sizinlə mübahisə edəcəklərini etiraf etməyin).» De: «Fəzilət və rəhmət Allahın əlindədir, onu istədiyinə verir (və sizin hiylələriniz Allahın hidayət etdiyi şəxsin imanına mane ola bilməz). Allah (zat və sifət baxımından) geniş və (hər şeyi) biləndir.»
Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların «savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur» demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha yalan nisbət verirlər.
Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır).
Həqiqətən, öz əhd-peymanları və andları(nı - dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.
Və əlbəttə, onlardan (yəhudilərdən) elə bir dəstə vardır ki, kitabı (təhrif olunmuş Tövratı) oxuyarkən sizin onun səmavi kitabdan olmasını güman etməyiniz üçün öz dillərini (məharətlə) bükürlər, halbuki o, səmavi kitabdan deyildir. Və o, Allah tərəfindən olmadığı halda deyirlər: «O, Allah tərəfindəndir». Bilərəkdən Allaha yalan nisbət verirlər.
Heç bir bəşərə yaraşmaz və mümkün deyil ki, Allah ona (səmavi) kitab və hikmət, yaxud mütləq hökm etmək səlahiyyəti və peyğəmbərlik versin, sonra o, insanlara «Allahın yerinə mənim qullarım olun!» desin. Və lakin (ona belə demək yaraşar ki): «kitabın müəllimləri olduğunuz və onu yaxşıca öyrənərək oxuduğunuz üçün Allahpərəst, dinin tərbiyə etdiyi və din alimləri olun.»
Həmçinin sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb götürməyi əmr etməsi yaraşmaz. Məgər (hansısa bir peyğəmbər) siz haqqa təslim olduqdan sonra sizə kafir olmağı əmr edər?!
200 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
10 Səhifə