"MR" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "MR" üzrə 461 ayə tapıldı.
Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi və bir yaxşı tərzdə yetişdirdi və onun (tərbiyəsinin) məsuliyyətini (xalasının əri) Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?» Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir».
Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı və dedi: « Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən».
Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir».
(Zəkəriyya) dedi: «Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin qısır olduğu halda mənim necə oğlum ola bilər?!» Dedi: «Elədir, (amma) Allah istədiyini edir.»
Dedi: «Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını və ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir.» Dedi: «Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!»
Və (yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib.
«Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl).
Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. (Yoxsa ki) sən onların Məryəmi kimin himayəyə götürməsi üçün qələmlərini (püşk məqsədi ilə suya) atdıqları zaman onların yanında deyildin. Həmçinin, onlar bir-birləri ilə (Məryəmi saxlamaq üçün) mübahisə və dava-dalaş etdikləri zaman (da sən) onların yanında deyildin.
(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».
«İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir.»
(Məryəm) dedi: «Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda mənim necə övladım ola bilər?!» Dedi: «Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur».
Və ona (bütün peyğəmbərlərin səmavi) kitab(larını), şəriət hökmləri və əqli elmləri, həmçinin Tövrat və İncili öyrədəcək.
Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: «Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm. Həqiqətən əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır.»
«Özümdən əvvəlki Tövratı təsdiq edirəm və sizə haram olmuş şeylərin bəzisini (şənbə günü balıq ovlamağı, dəvə ətini, dördayaqlıların bədənlərinin yağını) halal etmək üçün (gəlmişəm). Və sizin üçün Rəbbiniz tərəfindən (öz peyğəmbərliyimə dair) nişanə gətirmişəm. Odur ki, Allahdan qorxun və mənə itaət edin».
«Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!»
Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək və onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: «Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim?» Həvarilər (onun ağ geyimli və nurani qəlbli xas dostları) dedilər: «Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq.»
«Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m adımızı dünyada tovhidin və əqidənin əsaslarına, axirətdə isə peyğəmbərlərin risaləti çatdırmalarına) şahid olanların zümrəsində yaz».
Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsa əleyhissəlamın qətl planını cızanı onun, yəni həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi.)
(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.»
«Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır.»
461 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
24 Səhifə