"m" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "m" üzrə 5960 ayə tapıldı.
Buyurdu: «Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam və rütbədən) aşağı en! Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz sən alçaq və xar edilmişlərdənsən».
Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)».
Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam».
«Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükr edən görməyəcəksən».
Buyurdu: «Buradan məzəmmət olunmuş və qovulmuş halda çıx! Şübhəsiz onlardan kim sənə tabe olsa, Cəhənnəmi sizin hamınızla dolduracağam».
Ey Adəm, sən və zövcən bu Cənnətdə (yer üzündə onlar üçün yaradılmış bağda, ya Bərzəx aləminin Cənnətində, ya Qiyamətdən sonrakı əsl Cənnətdə) məskunlaş, istədiyiniz yerdən yeyin (bəhrələnin) və bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız».
Beləliklə, Şeytan, bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək üçün o ikisinə vəsvəsə etdi və dedi: «Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir.»
Beləliklə, onları aldadaraq hiylə-kələklə (məqamlarından) endirdi. Elə ki, həmin ağacdan daddılar, ayıb yerləri onlara aşkar oldu və onlar həmin Cənnətin ağaclarının yarpaqlarını özlərinə yapışdırmağa başladılar. Rəbbləri onlara (belə) nida etdi: «Məgər Mən sizə bu ağacı qadağan etməmişdim və sizə deməmişdimmi ki, həqiqətən Şeytan sizin açıq-aşkar düşməninizdir?!»
Dedilər: «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq».
Buyurdu: «Hamılıqla, bir-birinizə (əbədi) düşmən olan halda (bu məkandan yerə) enin və sizin üçün yer üzündə müəyyən müddətədək sığınacaq və dolanacaq olacaqdır (və ondan sonra Bərzəx aləminə, daha sonra isə Qiyamətə köçürüləcəksiniz)».
«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır.» Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.
«Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.) Əlbəttə, Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik.»
Onlar pis bir iş gördükləri zaman «atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir» deyərlər. De: «Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?»
De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən və cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçəkləşməsiylə Məhşərə qayıdacaqsınız. Lakin əzəli elmdə verilmiş xoşbəxtlik və bədbəxtlik hökmünün gerçəkliklə üst-üstə düşməsi ixtiyaridir).
(Sizin qayıdışınız elə bir haldadır ki, Allah) bir dəstəni hidayət etmiş, bir dəstə üçün isə zəlalət gerçəkləşmişdir. Çünki, (zəlalətə düşənlər) Allahın yerinə şeytanları özlərinə başçı və yardımçı götürdülər və onlar doğru yolda olmalarını güman edirlər.
Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir.
De: «Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!» De: «Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır». Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik.
De: «Həqiqətən mənim Rəbbim (pozğun əqidə və gizlində edilən çirkin əməllər kimi) pis işləri – istər onların aşkar olanını, istərsə də gizlisini – həmçinin, hər hansı bir günahı və (başqalarının hüquqlarına qarşı) haqsız həddi aşmağı, eləcə də barəsində Allahın heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızı və bilmədiyiniz şeyi Ona nisbət verməyinizi haram etmişdir».
5960 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
298 Səhifə