Hud surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Hud surəsi" üzrə 123 ayə tapıldı.
(Mələklər) dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ keçirə bilməzlər. Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən çölə) yola düş, sizdən heç kəs yerdə qalmasın və heç kim arxasına dönüb baxmasın – zövcəndən başqa ki, şübhəsiz sənin qövmünə yetişəcək şey ona da yetişəcəkdir. Əlbəttə onların (əzablarının) vədə vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!»
Beləliklə, elə ki, Bizim əmrimiz (mələklərə) yetişdi və istəyimiz qətiləşdi, həmin şəhərləri alt-üst etdik və onların üzərinə bişmiş və möhkəm gildən ibarət daş parçalarından dolu yağdırdıq.
Sənin Rəbbinin yanında (Onun sirli yaradılış aləmində) nişanlanmış, rəngbərəng və üzərinə adlar yazılmış daşlar! Bu (növ əzab) bu zalımlardan uzaq deyil.
Və Mədyən (camaatına) onların (qan və ya qəbilə) qardaşları Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Ölçünü və çəkini əskiltməyin. Doğrudan da mən sizi xoşluq (və nemət bolluğu) içərisində görürəm və mən sizin üçün (malları əskik verdiyinizə görə) hər şeyi əhatə edən və həlakət gətirən günün əzabından qorxuram».
«Və ey mənim qövmüm, ölçünü və çəkini tam və ədalətlə verin və (bütün çəkilən və ölçülən şeylərdə haqlarını əda edərkən) camaatın mallarını əskik verməyin və yer üzündə fəsad törədən kimi gəzməyin!»
«Əgər imanınız olsa (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi deyiləm (ki, sizin iman və əməlinizə nəzarət edəm və sizə savab və cəza verilməsi mənim öhdəmə olsun)».
Dedilər: «Ey Şüeyb, atalarımızın ibadət etdiklərini buraxmağımızı və ya öz mallarımızla istədiyimizi etməyi tərk etməyimizi sənə namazın əmr edir? (Bizi etiqad və əməldə azadlıqdan sənin namazın məhrum edir?) Axı sən həqiqətən həlim və doğru yolu tapmış bir adamsan! (Belə olan halda bizim azadlığımızı necə məhdudlaşdırırsan?)»
Dedi: «Ey mənim qövmüm, mənə bir deyin (görüm), əgər mən Rəbbim tərəfindən açıq-aydın bir dəlilə və (öz peyğəmbərliyim barəsində) möcüzələrə əsaslanmış olsam və O, Öz tərəfindən mənə gözəl ruzi (peyğəmbərlik və kamil bir din) vermiş olsa (onda mənim dəvətim yenə də puç və səfehlikdir)? Və mən özüm sizi çəkindirdiyim işin əksinə getmək istəmirəm. Mən yalnız bacardığım qədər (cəmiyyətin vəziyyətini) islah etmək istəyirəm və mənim uğurum yalnız Allahın köməyi ilədir. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.»
«Və ey mənim qövmüm, mənimlə müxalifət və düşmənçiliyiniz sizi Nuhun qövmünə, ya Hudun qövmünə, yaxud Salehin qövmünə gələnlərin (tufan, suda batmaq, zəhərli külək, səmadan gələn bağırtı və zəlzələnin) bənzərinin sizə də gəlməsinə gətirib çıxarmasın! Və Lutun qövmü (zaman və məkan baxımından) sizdən o qədər də uzaq deyildir.»
«Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir».
Dedilər: «Ey Şüeyb, biz sənin (tək olan Allaha tərəf dəvətini və əskik satmağın tərk olunması kimi) dediklərinin çoxunu başa düşmürük və şübhəsiz, səni öz aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daşqalaq edərdik. Sənin bizim üzərimizdə heç bir qüdrətin yoxdur (yaxud sənin bizim yanımızda heç bir qədir-qiymətin yoxdur)».
Dedi: «Ey mənim qövmüm, məgər sizin nəzərinizdə mənim qəbiləm Allahdan daha qüdrətlidir (ki, onları nəzərə alırsınız) və (lakin) Onu arxaya atıb unudursunuz? Şübhəsiz, mənim Rəbbim sizin etdiklərinizi əhatə etmişdir».
«Və ey mənim qövmüm, elə bu (şirk və azğınlıq) hal(ın)da bacardığınızı edin ki, əlbəttə, mən də edəcəyəm. Tezliklə əzabın kimə yetişərək onu xar və rüsvay edəcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Və gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyirəm».
Və Bizim (onların əzabı barəsindəki) əmrimiz yetişən zaman, Şüeybə və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və zülm edənləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər.
Sanki heç vaxt orada yaşamamışdılar. Bilin! Səmud qövmü uzaq olduğu kimi, Mədyən (əhli) də uzaq olsun (Allahın rəhmətindən) və lənət olsun (onlara)!
Və həqiqətən Musanı Öz ayə və nişanələrimizlə və aşkar dəlil-sübutla göndərdik,
Firona və onun qövmünün başçı və böyüklərinə tərəf. Onlar Fironun əmrinə tabe oldular. Fironun əmri əsla doğru və yol göstərən deyildi.
O, (Firon) Qiyamət günü öz qövmünün qabağında gedəcək, beləliklə də onları (Cəhənnəm) od(un)a daxil edəcəkdir. Və onların düşəcəkləri yer necə də pisdir!
Və burada (bu dünyada) və Qiyamət günündə onların arxasınca bir lənət göndərilmişdir. Onlara verilən (həmin lənət) necə də pis bir bəxşişdir!
Bu, şəhərlərin və millətlərin xəbərlərindəndir ki, sənə söyləyirik. Onların bəzisi durur, bəzisi isə biçilib məhv olmuşdur.
123 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə