"peyğəmbər" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "peyğəmbər" üzrə 706 ayə tapıldı.
Ey (səmavi) kitab verilmiş kəslər, bəzi üzləri məhv edərək arxalarına çevirməmişdən (cisimlərini bu hala salmamışdan və ya ruhlarını imandan küfrə döndərməmişdən), yaxud Əshabus-səbti (şənbə günü balıq tutan balıqçıları) lənətlədiyimiz (və eybəcər hala saldığımız) kimi onlara da lənət edərək (rəhmətimizdən) uzaqlaşdırmamışdan qabaq yanınızda olan (din və kitab)ın təsdiqi olan (və bu Peyğəmbərin və onun kitabının sizin yanınızda olan əlamətləri ilə uyğun gələn) nazil etdiyimizə (Qur’ana) iman gətirin. Allahın əmri həmişə yerinə yetəndir.
Məgər onların (Tövrat və İncil alimlərinin) hökümətdən bir payları var (ki, peyğəmbərlik və hidayəti istədikləri şəxsə versinlər)?! Əgər elə olsaydı, onda onlar camaata (mal və məqamdan) hətta xurma tumunun arxasındakı nöqtə qədər də olsun (bir şey) verməzdilər!
Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə və onun əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik.
Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir.
Məgər sənə nazil olana və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir.
Onlara «Allahın nazil etdiyinə və Onun peyğəmbərinə tərəf gəlin» deyildikdə, münafiqlərin səndən tam üz döndərmələrini və başqalarını da saxlamalarını görərsən.
Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər.
Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır.
(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifayətdir.
Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik.
Əgər onlara əmin-amanlıq və ya qorxu (müsəlmanların qələbəsi və ya məğlubiyyətinin səbəbi) barəsində bir xəbər çatsa (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər (və bir çarə yolu tapardılar). Əgər Allah sizə lütf və mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla hamınız Şeytana tabe olardınız.
Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək və ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və geniş sığınacaq tapacaqdır. Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan və mehribandır.
Özlərinə xəyanət edən (və öz qəbilələrinin etdiyi oğurluğu bir yəhudinin boynuna atan) kəsləri müdafiə etmə ki, Allah xəyanətkar və günahkar şəxsi sevmir (müsəlmanlardan biri digərinin zirehini oğurlayıb onu bir yəhudinin boynuna atmışdı. İş məhkəməlik oldu və oğrunun qəbiləsi Peyğəmbərdən (s) müsəlmanın abrını qorumaq üçün onun lehinə hökm etməsini istədi. Səkkizə yaxın ayə bu hadisə ilə bağlıdır).
Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm və qüdrət baxımından) əhatə etmişdir.
Kim hidayət yolu ona aydın olduqdan sonra Bizim göndərdiyimiz peyğəmbərlə müxalifət və düşmənçilik etsə və möminlərin yolundan başqa bir yola tabe olsa, onu elə üz tutduğu tərəfə yönəldər, Cəhənnəmə daxil edər və onun hərarətini ona daddırarıq. Ora pis bir dönüş yeridir.
(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.
Ey Allaha iman gətirənlər, Allaha və Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin. Ey dillə iman gətirmiş kəslər, (səmimi qəlbdən) iman gətirin! Ey imanları gerçəkləşmiş kəslər, onun qorunmasında möhkəm olun. Kim Allaha və Onun mələklərinə, (səmavi) kitablarına, göndərdiyi peyğəmbərlər(in)ə və axirət gününə kafir olsa, həqiqətən, uzun-uzadı bir azğınlığa düşmüşdür.
Əlbəttə Allaha və Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq» deyən və onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər –
onlar əslində həmin (əsl) kafirlərdir (çünki, peyğəmbərlərin bəzilərini inkar etmək hamısını inkar etmək deməkdir). Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
Allah tezliklə Ona və Onun peyğəmbərlərinə iman gətirib onların heç biri arasında ayrı-seçkilik salmayan (onların hamısını təsdiq edən) kəslərin mükafatlarını verəcəkdir. Allah həmişə çox bağışlayan və mehribandır.
706 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
36 Səhifə