"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
Dedilər: «Ey Şüeyb, biz sənin (tək olan Allaha tərəf dəvətini və əskik satmağın tərk olunması kimi) dediklərinin çoxunu başa düşmürük və şübhəsiz, səni öz aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daşqalaq edərdik. Sənin bizim üzərimizdə heç bir qüdrətin yoxdur (yaxud sənin bizim yanımızda heç bir qədir-qiymətin yoxdur)».
Dedi: «Ey mənim qövmüm, məgər sizin nəzərinizdə mənim qəbiləm Allahdan daha qüdrətlidir (ki, onları nəzərə alırsınız) və (lakin) Onu arxaya atıb unudursunuz? Şübhəsiz, mənim Rəbbim sizin etdiklərinizi əhatə etmişdir».
«Və ey mənim qövmüm, elə bu (şirk və azğınlıq) hal(ın)da bacardığınızı edin ki, əlbəttə, mən də edəcəyəm. Tezliklə əzabın kimə yetişərək onu xar və rüsvay edəcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Və gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyirəm».
Və Bizim (onların əzabı barəsindəki) əmrimiz yetişən zaman, Şüeybə və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və zülm edənləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər.
Sanki heç vaxt orada yaşamamışdılar. Bilin! Səmud qövmü uzaq olduğu kimi, Mədyən (əhli) də uzaq olsun (Allahın rəhmətindən) və lənət olsun (onlara)!
O, (Firon) Qiyamət günü öz qövmünün qabağında gedəcək, beləliklə də onları (Cəhənnəm) od(un)a daxil edəcəkdir. Və onların düşəcəkləri yer necə də pisdir!
Və burada (bu dünyada) və Qiyamət günündə onların arxasınca bir lənət göndərilmişdir. Onlara verilən (həmin lənət) necə də pis bir bəxşişdir!
Onlara Biz zülm etmədik və lakin onlar özlərinə zülm etdilər. Beləliklə, sənin Rəbbinin (onların əzabı barəsindəki) əmri yetişən zaman Allahın yerinə çağırdıqları tanrıları (əzabdan) heç bir şeyi onlardan uzaqlaşdırmadılar və onlara ziyan və həlakətdən başqa bir şey artırmadılar.
Sənin Rəbbin millət və cəmiyyətləri zalım olan zaman belə yaxalayır və cəzalandırır. Şübhəsiz Onun yaxalaması və cəzası ağrılı və çətindir.
Və Biz onu yalnız (Allahın əzəli elmində əvvəlindən axırınadək) hesablanmış və müəyyən olunmuş bir müddətə qədər təxirə salarıq.
Və o (əcəl sona yetişən və Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) və bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib).
Buna görə də onların ibadət etdikləri şey(in batil olması) barəsində şəkk və tərəddüddə olma. Onlar yalnız atalarının bundan qabaq ibadət etdikləri kimi (üsuliddində təqlid etməklə özlərinin düzəltdikləri məbuda) ibadət edirlər. Biz (dünyanın məhdud malından və axirətin qeyri-məhdud əzabından) onların paylarını şübhəsiz, kamil surətdə və əskiltmədən verəcəyik.
Şübhəsiz, Biz Musaya (səmavi) kitab verdik. Beləliklə onun barəsində (ümməti tərəfindən onun qəbul olunmasında, ümmətinin alimləri tərəfindən isə onun məzmununda) ziddiyyət yarandı. Əgər sənin Rəbbinin (azğınlara dəlil-sübutu tamamlamaq üçün müəyyənləşdirilmiş vaxta qədər möhlət verilməsi barəsindəki əzəldən) keçmiş hökmü olmasaydı onların arasında mütləq hökm olunardı (və işləri bitərdi). Həqiqətən onlar (səninlə müasir olan yəhudilər) bunun (Qur’anın) barəsində tərəddüd doğuran və qaranlıq gətirən şəkk-şübhə içərisindədirlər.
Həqiqətən sənin Rəbbin (Qiyamət günü) ixtilaf edən tərəflərin hər ikisinin əməllərini(n cəzasını, yaxud əməllərin gerçək təzahürünü) kamil surətdə verəcəkdir. Çünki O, onların etdiklərindən xəbərdardır.
Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz.
Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür.
Və səbr et və dözümlü ol ki, həqiqətən Allah yaxşılıq edənlərin mükafatını zay etmir.
Bəs nə üçün sizdən qabaqkı insan cəmiyyətlərindən (məsələn Nuhun, Hudun, Salehin və Lutun qövmlərindən) h onların xilas etdiyimiz az bir qismindən (peyğəmbərlər və onların ardıcıllarından) başqa a (insanları) yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşüncə sahibləri olmadı (ki, onlar da o cür əzaba düçar olmayaydılar)? Zülm edənlər öz keflərini və eyş-işrətlərini davam etdirdilər və onların hamısı günahkar idilər. (Buna görə də tarix boyu bəşəriyyətin əksəriyyətinin yoldan çıxması təəccüblü və təəssüf doğurandır).
Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər.
Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam» kəlməsi (əzəldən) qəti və tamam olmuşdur.
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə