"đư" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "đư" üzrə 2863 ayə tapıldı.
Bunların və onların (axirət və dünya istəyənlərin) hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. Və sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi və maddi nemətlər mömin və ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur).
Bax gör (maddi və mənəvi nemətlər baxımından) onların bəzisini bəzisindən necə üstün etmişik və əlbəttə, axirət dərəcələr və üstünlüklər baxımından daha böyükdür.
Allahla birlikdə əsla başqa bir məbud götürmə ki, (mələklərin və saleh insanların yanında) qınanmış və (Allahın yanında) məzəmmət olunmuş, xar və köməksiz düşüb qalarsan.
Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de.
Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan.
Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən onları öldürmək böyük günahdır.
Və zinaya yaxınlaşmayın (hətta onun üçün müqəddimə ola biləcək əməllərdən uzaq olun), çünki o çox çirkin (bir əməl) və (cəmiyyətin pozulması və onun mənəviyyatsızlığı ilə nəticələnən) pis bir yoldur.
Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şər’i hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin. Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işkəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır).
Və (hər hansı bir malı verəndə və ya alanda) ölçən zaman, ölçü qabını doldurun və (həmçinin) düzgün tərəzi ilə çəkin ki, bu (ölçü və çəkidə xəyanət etməmək ağıl baxımından) xeyirdir və (cəmiyyətin etimadının qorunması baxımından) onun sonu və nəticəsi daha gözəldir.
Məgər Rəbbiniz sizi oğullarla (oğlanları verməklə) seçmiş və Özü (övladlığa) mələklərdən qızlar götürmüşdür?! Həqiqətən siz (Allahın övladının olduğunu demək və pis bildiyiniz şeyi Allaha nisbət verməklə) yekə-yekə danışırsınız.
Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi m sonradan yaranması Onun qədimliyinə d elə əzəldən, həmişə olmasına, naqisliyi Onun kamalına və məhdudluğu Onun qeyri-məhdud olmasına dəlalət edir.) Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz (dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır). Həqiqətən O həlim və bağışlayandır (başa düşməyiniz üçün sizə möhlət verir, əgər başa düşməsəniz bağışlayır).
Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Qur’an maarifinə diqqət yetirmələrinə mane olur).
Və (küfrlərinin cəzası olaraq) onların qəlblərinə onu (Qur’anı) başa düşməmələri üçün (qürur, mal, və məqam məhəbbətindən ibarət) örtüklər çəkmişik və qulaqlarında bir ağırlıq (qoymuşuq). Və Qur’anda Rəbbinin birliyini yad etdiyin zaman, nifrətlə arxa çevirirlər.
Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.
Və dedilər: «Məgər biz bir ovuc sümüklər və çürümüş üzvlər olduğumuz zaman, yeni bir məxluq surətində dirildiləcəyik?»
O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması və Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. Və (həmin vaxt dünyada və Bərzəx aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya və Bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir).
Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir).
Rəbbiniz sizin halınızı daha yaxşı bilir. Əgər istəsə (xeyir əməllərinizə görə və ya Öz geniş rəhmətinin əsasında) sizə rəhm edər, yaxud əgər istəsə (layiq olduğunuza görə) sizi cəzalandırar. Və səni onlara vəkil göndərməmişik (sənin vəzifən tapşırılan ilahi vəzifəni çatdırmaqdır. Dünyada mükafatlandırmaq və axirətdə mükafat və cəza vermək də sənə deyil, Allaha aid olan işlərdəndir).
De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər.»
Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır.
2863 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
144 Səhifə