Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

De: «Əgər Allah yanında olan axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa, əgər doğruçusunuzsa onda ölümü arzulayın.»
Onlar özlərindən qabağa göndərdikləri şeylərə (pis əməllərinə) görə, ölümü əsla arzulamazlar. Allah zalımların (halından) xəbərdardır.
Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan – hətta (Allaha) şərik qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu (Cəhənnəm) əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir.
(«Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik» – deyən yəhudilərin cavabında) de: «Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Qur’anı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib.»
Kim Allah, Onun mələkləri, peyğəmbərləri, Cəbrail və Mikail ilə düşmən olsa (kafirdir və) şübhəsiz Allah da kafirlərə düşməndir.
Həqiqət budur ki, Biz sənə aydın və aydınlıq gətirən ayələr nazil etdik və onlara ancaq fasiqlər kafir olarlar.
Nə üçün onlar nə vaxt (Allah və Onun peyğəmbərləri ilə) əhd bağlayıblarsa, onların bir dəstəsi onu pozub?! (Bunlar nəinki əhdi pozurlar,) hətta əksəriyyəti iman gətirmir.
Onlara (yəhudi və xristianlara) Allah tərəfindən əllərində olanı (Tövrat və İncili) təsdiq edən bir peyğəmbər gəldikdə, onlardan kitab (elmi) verilmiş bir dəstə Allahın kitabına (Qur’ana və ya öz kitablarına, onun Allahın kitabı olmasını) bilmirmiş kimi arxa çevirdi.
(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!» Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!
Əgər onlar iman gətirsəydilər və təqvalı olsaydılar (Allahdan qorxsaydılar) əlbəttə ki, Allah tərəfindən olan savab daha yaxşı olardı, əgər bilsəydilər!
Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizi riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (-çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır-) və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır.
Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər Rəbbiniz tərəfindən sizə (vəhy, kitab və qələbə kimi) bir xeyir nazil olmasını sevmirlər, halbuki Allah Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf, mərhəmət sahibidir.
Hər hansı bir nişanəni aradan aparsaq, ya yaddaşlardan silsək, ondan daha xeyirlisini, ya onun bənzərini gətirərik (hər hansı bir Qur’an ayəsini, ya ümumi bir hökmü, ya hansısa bir ilahi dəlili və ya digər əlamətləri götürsək, onun yerinə başqasını gətirərik). Məgər Allahın hər bir şeyə qadir olmasını bilmirsən?!
Məgər bilmirsənmi ki, göylərin və yerin həqiqi mülkiyyəti, səltənəti və höküməti yalnız Allaha məxsusdur?! (Çünki hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun istəyindən asılıdır.) Sizin Allahdan başqa heç bir başçı və yardımçınız yoxdur?!
. Yoxsa siz də Peyğəmbərinizdən bundan qabaq Musadan (Allahın gözlə görülməsi) istənilən kimi (qeyri-mümkün və ya faydasız bir iş) istəmək istəyirsiniz?! İmanın yerinə küfrü qəbul edən şəxs, həqiqətən, doğru yolu itirmişdir.
Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir.
Namaz qılın və zəkat verin. Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir.
Və dedilər: «Cənnətə yəhudi, ya xristiandan başqa əsla heç kəs daxil olmayacaqdır.» Bu, onların xam xəyallarıdır. De: «Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin.»
Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.
Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər.» Və xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər.» Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar. (Deməli iddiaların hər ikisi səhvdir və hər iki şəriət yalnız öz zamanlarında haqdır.) (Müşriklər kimi) nadanlar da onların sözləri kimi (sözlər) dedilər (ki, müsəlmanlar haqq deyildirlər). Odur ki, barəsində ixtilafa düşdükləri şey barəsində onların aralarında Qiyamət günü Allah hökm edəcəkdir.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə