«Odur ki, gecənin bir yarısında öz ailəni yola sal, özün də onların arxasınca get, sizdən heç kim yerdə qalmasın (ya heç kim dönüb geriyə baxmasın) və əmr olunduğunuz səmtə tərəf yola düşün».
Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Qur’anı əta etdik.
Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.
Həmin o kəslərə ki, (peyğəmbərin göndərilməsinin əvvəlində) Qur’anı neçə hissəyə böldülər (bir hissəsini sehr, bir hissəsini şer, bir hissəsini keçmişlərin əhvalatları və bir hissəsini cinlərin kəlamı adlandırdılar. Həmçinin onun bir hissəsini qəbul və bir hissəsini rədd etdilər. Onları müxtəlif əzablarla həlak etdik).