"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır.
Şərq və qərb (yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.
Və (kitab əhli) dedi: «Allah (Özü üçün) övlad götürmüşdür!» O (bütün bunlardan) pakdır! Əksinə, göylərdə və yerdə olanların hamısı Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun əlindədir). Hamı Onun qarşısında təslimdir. (Belə olan halda, mülkiyyət necə övlad ola bilər və mülkiyyət sahibinin ona nə ehtiyacı var?)
(O,) göyləri və yeri yoxdan (layihə və plansız) yaradandır. Bir şeyin vücuda gəlməsi əmrini verəndə, ona yalnız «ol!» deyər, (həmin şey də) dərhal olar. (Bir şeyi istədiyi zaman həmin şey dərhal vücuda gələr.)
(Müşrik və kafirlərdən olan) nadanlar dedilər: «Allah bizimlə nə üçün danışmır və ya bizə (sənin peyğəmbərliyinə dəlalət edən) bir möcüzə gəlmir?!» Onlardan qabaqkılar da buna bənzər sözlər dedilər. Onların qəlbləri (nadanlıq və inadkarlıqda) bir-birinə bənzəyir. Şübhəsiz, Biz (tovhid və Öz dinimiz barəsindəki) aydın dəlilləri inam əhli üçün bəyan etmişik.
Şübhəsiz, Biz səni haqq və doğru olaraq müjdə verən və qorxudan kimi göndərdik və sən (risaləti çatdırdıqdan və dəlil gətirərək bəhanəyə yer qoymadıqdan sonra) Cəhənnəm əhli üçün (onların vəziyyətləri barəsində) qətiyyən məsuliyyət daşımırsan.
Sən yəhudi və xristianların dinlərinə tabe olmayınca, onlar heç vaxt səndən razı qalmayacaqlar. De: «Həqiqətən (əsl) hidayət yalnız Allahın hidayətidir». Əgər sənə gələn elmdən sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı olmayacaqdır.
Ona (Qur’ana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir.
Ey İsrail övladları, sizə verdiyim nemətimi və sizi (öz zamanınızda) bütün aləmdəkilərdən üstün etməyimi xatırlayın.
Və heç kəsin bir başqasının əzabını dəf edə bilməyəcəyi, (əzabın yerinə) ondan bir əvəzin qəbul olunmayacağı, şəfaətin ona heç bir fayda verməyəcəyi və onlara heç bir köməyin də göstərilməyəcəyi gündən çəkinin.
Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim.» (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz.»
Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin.
Və (xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər növ meyvə və məhsullardan ruzi ver.» Buyurdu: «(Elə də edəcəyəm) və kim kafir olsa, onu bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!»
Və (yada salın) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kə’bənin) təməlini ucaldırdılar (və deyirdilər): «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!»
«Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!»
«Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!»
İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır.
O zaman Rəbbi (tovhid dəlillərini göstərdikdən sonra, ilham yolu ilə) ona «təslim ol!» buyuranda o, «aləmlərin Rəbbinə təslim oldum» dedi. Həmçinin (peyğəmbər kimi seçilərək göndərildikdən sonra, vəhy yolu ilə) ona «əmrə təslim ol!» buyuranda o, «Allahın əmrlərinə təslim oldum» dedi.
İbrahim və Yəqub oğlanlarına öz dinlərini tövsiyə etdilər (və hər biri öz vəsiyyətində dedi) ki: «Ey mənim oğlanlarım, şübhəsiz, Allah bu dini sizin üçün seçib. Buna görə də (çalışın) dünyadan mütləq yalnız müsəlman olaraq gedin!»
(Siz ki, «Yəqub öz oğlanlarına yəhudiliyi tövsiyə etdi» deyirsiniz,) məgər Yəqubun ölümü çatan zaman onun yanında və şahid idiniz? (Halbuki, Yəqub) öz oğlanlarına: «Məndən sonra nəyə ibadət edəcəksiniz?» – deyəndə, (İbrahimin hənif dinini tapşırmışdı və oğlanları da onun cavabında) «sənin və ataların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha ibadət edəcəyik və biz Ona (Onun əmrlərinə) təslim olanlarıq» demişdilər.
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə