"Bəqərə" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Bəqərə" üzrə 293 ayə tapıldı.
Ona (Qur’ana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir.
Ey İsrail övladları, sizə verdiyim nemətimi və sizi (öz zamanınızda) bütün aləmdəkilərdən üstün etməyimi xatırlayın.
Və heç kəsin bir başqasının əzabını dəf edə bilməyəcəyi, (əzabın yerinə) ondan bir əvəzin qəbul olunmayacağı, şəfaətin ona heç bir fayda verməyəcəyi və onlara heç bir köməyin də göstərilməyəcəyi gündən çəkinin.
Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim.» (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz.»
Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin.
Və (xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər növ meyvə və məhsullardan ruzi ver.» Buyurdu: «(Elə də edəcəyəm) və kim kafir olsa, onu bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!»
Və (yada salın) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kə’bənin) təməlini ucaldırdılar (və deyirdilər): «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!»
«Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!»
«Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!»
İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır.
O zaman Rəbbi (tovhid dəlillərini göstərdikdən sonra, ilham yolu ilə) ona «təslim ol!» buyuranda o, «aləmlərin Rəbbinə təslim oldum» dedi. Həmçinin (peyğəmbər kimi seçilərək göndərildikdən sonra, vəhy yolu ilə) ona «əmrə təslim ol!» buyuranda o, «Allahın əmrlərinə təslim oldum» dedi.
İbrahim və Yəqub oğlanlarına öz dinlərini tövsiyə etdilər (və hər biri öz vəsiyyətində dedi) ki: «Ey mənim oğlanlarım, şübhəsiz, Allah bu dini sizin üçün seçib. Buna görə də (çalışın) dünyadan mütləq yalnız müsəlman olaraq gedin!»
(Siz ki, «Yəqub öz oğlanlarına yəhudiliyi tövsiyə etdi» deyirsiniz,) məgər Yəqubun ölümü çatan zaman onun yanında və şahid idiniz? (Halbuki, Yəqub) öz oğlanlarına: «Məndən sonra nəyə ibadət edəcəksiniz?» – deyəndə, (İbrahimin hənif dinini tapşırmışdı və oğlanları da onun cavabında) «sənin və ataların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha ibadət edəcəyik və biz Ona (Onun əmrlərinə) təslim olanlarıq» demişdilər.
Onlar bir ümmət idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir və siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz.
Və (kitab əhli insanlara) dedilər: «Yəhudi yaxud xaçpərəst olun ki, doğru yolu tapasınız.» De: «Əksinə, haqq (yol)a yönəlmiş İbrahimin dininə (tabe olacağıq) və o, əsla müşriklərdən olmayıb.»
(Ey möminlər) deyin: «Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa və İsaya, eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları və Allah tərəfindən seçilib göndərilmələri baxımından) heç bir fərq qoymuruq və biz Onun müqabilində təslim olanlarıq.»
Beləliklə, əgər onlar da sizin iman gətirdiklərinizə iman gətirsələr, şübhəsiz, doğru yolu tapıblar. Əgər üz döndərsələr, həqiqətən, müxalifət və düşmənçilik məqamındadırlar. Buna görə də, Allah tezliklə onların şərrini səndən dəf edəcəkdir və Odur eşidən və bilən!
(Bəli, bizim qəlblərimizin imanı) ilahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik.
De: «Bizimlə Allah(ın işi) barəsində höcətləşirsiniz (ki, peyğəmbəri nə üçün ərəblərdən seçdi)? Halbuki O, (həm) bizim Rəbbimiz və (həm də) sizin Rəbbinizdir və bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir və biz Ona sadiqik» (və Peyğəmbərin seçilməsinin səbəbi həmin əməl və sədaqətdir).
Deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yəqub və (Yəqubun nəvələri olan) Əsbat yəhudi ya da xaçpərəst olublar? De: «Siz daha çox bilirsiniz yoxsa Allah» (ki, onların yəhudilik və xaçpərəstlikdən uzaq olduqlarına şəhadət vermişdir və siz bunu bilir və gizlədirsiniz)? Allah tərəfindən yanında olan (hər hansı) bir şəhadəti gizlədəndən daha zalım kim ola bilər?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.
293 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
15 Səhifə