Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Buna görə də kim Allaha yalan yaxandan, ya Onun ayələrini təkzib edəndən daha zalımdır? Həqiqətən günahkarlar nicat tapmayacaqlar.
Onlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və «bunlar Allah yanında bizim şəfaətçilərimizdir» deyirlər. De: «Allaha nə göylərdə və nə də yerdə (guya) xəbəri olmayan bir şeydən xəbər verirsiniz?! O, şərik qoşduqları şeydən pak və ucadır».
İnsanlar (xilqətin əvvəlində uzun müddət) yalnız vahid (və ixtilafsız) bir millət idilər. Beləliklə (dünya işlərində ictimai münasibətlərə görə, kitab nazil olduqdan sonra isə ixtilaflarını aradan qaldırmaq üçün kitabın özü ilə bağlı) ixtilafa düşdülər. Əgər (əzəli elmində və Lövhi-Məhfuzda) Rəbbindən (bütün dəlil-sübutlar təqdim edilməmişdən əzab verməmək və dəlil-sübutlar təqdim edildikdən sonra da tələsməmək barəsində) bir kəlam keçməsəydi, onların arasında mütləq ixtilaf etdikləri şey barəsində (əməli surətdə) hökm edilərdi. (Bəqərə surəsinin 213-cü ayəsinə müraciət edin.)
Və «nə üçün Rəbbi tərəfindən ona (Salehin dəvəsi, Musanın əsası, mələyin gəlməsi kimi camaatı iman gətirməyə vadar edən) bir möcüzə nazil olmayıb?» deyirlər. De: «Qeyb (pərdə arxasındakı işlər) yalnız Allahın ixtiyarındadır (və bəlkə də nazil etdi). Buna görə də, gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyənlərdənəm».
İnsanlara onlara yetişmiş çətinlik və əziyyətdən sonra bir mərhəmət və rahatlıq dadızdırdığımız (cahiliyyət dövrünün nadanlıq və fəqirliyindən sonra İslam elm və rifahı verdiyimiz) zaman birdən Bizim ayələrimiz barəsində hiyləyə başlayırlar (onları sehr, şer və əfsanə adlandırırlar). De: «Allahın məkri daha tez yetişəndir». Həqiqətən Bizim elçilərimiz etdiyiniz məkrləri yazırlar.
Sizi quruda və dənizdə gəzdirən Odur. Nəhayət, siz gəmilərdə olan və gəmilər öz sərnişinlərini xoş və mülayim bir küləyin vasitəsilə hərəkət etdirən və onlar ondan xoşhal olduqları zaman, (birdən) həmin gəmilərə şiddətli bir külək əsər, (dənizin) dalğa(sı) hər tərəfdən onlara çırpılar və onlar (dalğaların və bəlanın) mühasirəsində olmalarına yəqinlik edərlər, (o halda) iman və etiqadda saf niyyətlə Allahı çağırarlar ki: «Əgər bizi bundan (bu təhlükədən) qurtarsan, mütləq şükr edənlərdən olacağıq.»
Beləliklə onlara nicat verən kimi birdən (görərsən ki,) yer üzündə haqsız yerə zülm edirlər! Ey insanlar, şübhəsiz, sizin zülmləriniz öz ziyanınızadır. Dünya həyatından (azacıq) bir bəhrə əldə edirsiniz, sonra dönüşünüz Bizə tərəfdir. Beləliklə sizi əməllərinizdən xəbərdar edəcəyik.
Həqiqətən dünya həyatı göydən (qar və yağış şəklində) nazil etdiyimiz su kimidir ki, onun vasitəsilə insanların və heyvanların yedikləri yer bitkiləri bir-birinə qarışır. Nəhayət, yer üzü öz gözəlliyini əldə etdiyi və zinətləndiyi və onun sakinləri özlərinin ona (ondan bəhrələnməyə) qadir olduqlarını güman etdikləri zaman, (birdən) Bizim əmrimiz gecə, ya gündüz çağı (soyuq və ya isti, sel və ya da dolu şəklində) gəlib ona çatır. Beləliklə, onları sanki dünən ayaq üstə olmamış kimi biçilmiş, quru ot şəklinə salırıq. Biz (Öz qüdrət və qəzəb) nişanələri(mizi) düşünən dəstə üçün (yaradılış və təqdir kitabında) belə ətraflı izah edirik.
Allah (bəşəriyyəti) «Darus-Salam»a (fanilikdən uzaq Cənnətə) dəvət edir və (ümumi hidayəti qəbul edənlərdən) istədiyi şəxsi (xüsusi maarifdə) doğru yola hidayət edir.
Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat) vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar Cənnət əhlidirlər, orada əbədi qalacaqlar.
Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını) zillət və xarlıq bürüyəcəkdir. Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.
Və (yada salın) o gün(ü) ki, onların hamısını (Qiyamət meydanında) bir yerə toplayacaq, sonra (Allaha) şərik qoşanlara «siz və şərikləriniz (büt ya qeyri-büt olmasından asılı olmayaraq, hər biriniz sorğu-sual və mühakimə olunmaq üçün) öz yerinizdə durun» deyəcəyik. Beləliklə (həmin gün həqiqətləri aşkar etməklə) onların bir-birləri ilə əlaqələrini kəsərik və (buna görə də) onların şərikləri deyərlər: «Siz (dünyada əslində) bizə ibadət etmirdiniz (öz nəfsi istəklərinizə ibadət edirdiniz)».
«Buna görə də, bizimlə sizin aranızda Allahın şahid olması kifayətdir. Həqiqətən biz sizin ibadətinizdən xəbərsiz idik». (Ağıl sahiblərinin xəbərsizliyinin səbəbi onların etinasızlığı, bütlərin xəbərsizliyinin səbəbi isə idraklarının olmaması idi.)
Hər bir kəs (dünyada) qabağa göndərdiyi əməli həmin gün və orada yoxlayacaqdır (onun dəyərinin və əvəzinin miqdarından xəbərdar olacaqdır) və hamı Allaha – özünün həqiqi mövla və başçısına tərəf qaytarılacaqdır (Cənnətə və ya Cəhənnəmə yollanacaqdır). Və yalandan uydurduqları (yalandan Allahın şəriki hesab etdikləri) şey onlar(ın yanın)dan yoxa çıxacaqdır.
De: «Sizə göydən və yerdən kim ruzi verir? Və ya sizin qulaqlarınıza və onların eşitmə qabiliyyətinə və sizin gözlərinizə və onların görmə qabiliyyətinə kim hakimdir? Və dirini ölüdən və ölünü diridən kim çıxarır? Və (varlıq aləminin) bütün işləri(ni) kim idarə edir? Onlar dərhal «Allah!» deyərlər. De: «Belə isə, qorxmursunuz?!».
Odur ki, sizin həqiqi Rəbbiniz həmin Allahdır. Və həqiqətdən sonra zəlalətdən başqa nə vardır? Belə isə, necə və haraya döndərilirsiniz?!
Rəbbinin itaətsizlik etmiş kəslər barəsindəki (qəti) sözü belə gerçəkləşdi ki: «Onlar iman gətirməyəcəklər.»
De: «Sizin şəriklərinizdən (Allaha şərik hesab etdiyiniz bütlərdən) məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran bir kəs varmı?» De: «Məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran (öldürdükdən sonra Qiyamətdə dirildən) Allahdır. Belə isə, necə və haraya döndərilirsiniz?!»
De: «Sizin şəriklərinizdən haqqa tərəf hidayət edən bir kəs varmı?» De: «Haqqa tərəf hidayət edən yalnız Allahdır (O hər bir varlığı xilqətindən öz təbii məqsədinə doğru hidayət edir və şəriət vasitəsi ilə doğru yola gətirilməyə layiq hər bir kəsi öz xeyirli məqsədinə doğru istiqamətləndirir). Belə isə, arxasınca gedilməyə haqqa tərəf hidayət edən kəs daha layiqdir, yoxsa hidayət edilməyincə doğru yolu tapa bilməyən kəs? Sizə nə olmuşdur? Necə mühakimə yürüdürsünüz?!
Onların çoxu (əqidə və etiqadlarında) yalnız zənnə və gümana tabe olurlar, halbuki, şübhəsiz (zənn və) güman heç bir haqqın yerini tutmur. Həqiqətən Allah onların nə etdiklərini biləndir.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə