"hi" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "hi" üzrə 1548 ayə tapıldı.
Bilin ki, həqiqətən Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir. Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). Həqiqətən Biz bəlkə düşündünüz deyə, (Özümüzün tovhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq.
Rəbbləri yanında siddiqlər (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şahidlər (Məhşərdə insanların əqidə və əməllərinə şahidlik edənlər) Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tovhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər.
(Yaxşı əməllər vasitəsi ilə) Rəbbiniz tərəfindən olan bağışlanmaya və vüsəti göylə yerin eni kimi olan və Allaha, peyğəmbərlərə iman gətirənlər üçün hazırlanmış Cənnətə tərəf (tələsərək) bir-birinizlə ötüşün. Bu, Allahın istədiyi kəsə verdiyi lütf və mərhəmətdir. Allah böyük lütf, mərhəmət sahibidir.
Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən bu (iş), Allah üçün asandır.
Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik. Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə və müdafiədə) möhkəm qüvvə və (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması (əzəli elminin sonra gerçəkləşən xarici aləmlə üst-üstə düşməsi) üçün. Həqiqətən Allah qüvvətli və yenilməz qüdrət sahibidir.
Həqiqətən Biz Nuhu və İbrahimi göndərdik və peyğəmbərlik (məqamını) və (səmavi) kitabı o ikisinin nəsilində qoyduq. Beləliklə onların bəziləri doğru yola gəldilər, çoxu isə itaətsiz idilər.
Sonra onların arxasınca bir-birinin ardınca (digər) peyğəmbərlərimizi göndərdik. Və Məryəmin oğlu İsanı onların arxasınca göndərdik. Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq. Və özlərindən Bizim onlar üçün qərara almadığımız (tərkidünyalıq və ibadət üçün insanlarla əlaqələri kəsməkdən ibarət olan) rahiblik icad etdilər. Lakin (həmin seçim) Allahın razılığını əldə etmək üçün idi ki, ona da layiqli şəkildə riayət etmədilər. Beləliklə Biz onların iman gətirənlərinə muzdlarını verdik və onların çoxu fasiq idilər.
Kitab əhlinin (peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə (s) iman gətirməyincə) Allahın lütfündən bir şey əldə etməyəcəklərini, [yaxud: kitab əhlinin möminlərin Allahın lütfündən bir şey əldə edə bilməyəcəklərini və hər şeyi özlərinə məxsus edə biləcəklərini güman etməmələri,] həmçinin lütf və mərhəmətin doğrudan da Allahın əlində olmasını və onu istədiyinə verməsini bilməsi üçün! Allah böyük lütf, mərhəmət sahibidir.
Şübhəsiz, Allah əri barəsində səninlə mücadilə (mübahisə) edən və Allaha şikayət edən qadının sözünü eşitdi və qəbul etdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah eşidən və görəndir.
Kim (azad etməyə qul) tapmazsa, həmin zövcəsi ilə təmasda olmazdan öncə onun iki ay dalbadal oruc tutması vacibdir. (Oruc tutmağa da) qadir olmayan bir kəs altmış fəqiri doyuzdurmalıdır. Bu, Allaha və Onun Rəsuluna iman gətirməniz (və cahiliyyət adətlərindən əl çəkməniz) üçündür. Bunlar Allahın hüdudları və hökmləridir. Kafirlər üçün ağrılı bir əzab vardır.
Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir; (o işlər barəsində ki,) Allah onların hamısını axıradək saymış, onlar özləri isə unutmuşlar. Allah hər şeyə şahiddir və hazırdır.
Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır.
Allah (Öz əzəli elmi ilə Lövhi-Məhfuzda) yazmış və qərara almışdır ki: «Mən və peyğəmbərlərim qalib gələcəyik». Şübhəsiz, Allah qüvvətli, qüdrətli və məğlubedilməzdir.
Göylərdə və yerdə olanların hamısı Allahı (dil və hal ilə) zikr edir və O, yenilməz qüdrət sahibi və mətindir və (yaradılış və şəriət mərhələsində) gözəl yaradandır.
Kitab əhlindən olan kafirləri (Bəni-Nəzir yəhudilərini) ilk dəfə yurdlarından çıxaran və dəstə halında sürgün etdirib evlərindən (Cəzirətül-ərəbdən) qovduran Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar da hasarlarının və qalalarının onları Allahdan (Allahın iradəsindən) saxlayacağını güman edirdilər. Amma Allah(ın iradəsi, əzabı) onlara güman etmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. (Belə ki,) onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey bəsirət sahibləri! İbrət alın.
(Fəyin bir hissəsi) yurdlarından çıxarılmış və malları əllərindən alınmış, Allahın fəzl-mərhəmət və razılığını istəyən, Allaha və Onun Rəsuluna kömək edən yoxsul mühacirlərə məxsusdur. (Əsl) sadiqlər elə bunlardır.
Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır.
Əlbəttə, onların ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu da onların idrakı (və İlahi mərifəti) olmayan bir qövm olduqlarına görədir.
O, özündən başqa heç bir tanrı olmayan, qeybi (gizlini) və aşkarı (hər bir şüur sahibinin zahiri və batini hissiyatından gizli və aşkar olanı, yaxud hələ mövcud olmayan və artıq mövcud olan hər bir şeyi) bilən Allahdır. O, bağışlayan və mehribandır.
O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır). Mütəkəbbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır.
1548 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
78 Səhifə