"İl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "İl" üzrə 3852 ayə tapıldı.
Və göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və sonda yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Və din (və itaət və cəza) həmişə Ona layiqdir. Belə isə Allahdan başqasındanmı qorxursunuz?!
Və malik olduğunuz hər bir nemət Allah tərəfindəndir. Həmçinin sizə bir zərər-ziyan yetişən zaman Ona yalvarır və Ondan kömək diləyirsiniz.
Sonda onlara verdiklərimizə küfr və nankorluq etmək üçün. Buna görə də, (dünyanın ləzzətlərindən) bəhrələnin ki, tezliklə biləcəksiniz.
Və (müqəddəslikləri və vücudlarının təsirləri barəsində) elmləri olmayan şeylər (bütlər) üçün, ruzi olaraq onlara verdiklərimizdən pay qoyurlar. (Ey müşriklər) Allaha and olsun ki, (Qiyamət günü) iftira etdiyiniz şey barəsində sorğu-sual ediləcəksiniz.
Onların birinə qız(ının olması) müjdəsi verilən zaman, qəzəb onu boğduğu halda (acıq və hiddətin çoxluğundan) üzü qaralar.
O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!
Axirətə iman gətirməyənlər üçün (neçəallahlılıq, cansız əşyalara ibadət etmək, qız uşaqlarını öldürmək kimi) pis sifətlər vardır. Allah üçün isə (müqəddəs zatının vəhdəti, vücudunun vacibliyi, camal və cəlal sifətləri ilə vəsf olunmaq kimi) uca və üstün sifətlər vardır. Və Odur yenilməz qüdrət və hikmət sahibi.
Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onlara müəyyən müddətədək möhlət verir. Beləliklə, müddətləri başa çatdıqda nə bir saat gecikər, nə də bir saat qabağa keçə bilərlər.
Özlərinin bəyənmədikləri şeyi (qız uşaqlarını) Allaha nisbət verirlər və dilləri yalandan gözəl aqibətin onlara (özlərinə) məxsus olmasını («əgər axirət olsa, biz Cənnət əhliyik») deyir. Şübhəsiz, onlar üçün od vardır və onlar (ora daxil olmaqda) öndə olacaqlar.
Allaha and olsun ki, (yəhudilər, xaçpərəstlər və başqaları kimi) səndən qabaqkı ümmətlərə (də peyğəmbərlər) göndərmişdik. Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır.
Biz bu kitabı sənə yalnız barəsində ixtilafda olduqları şeyi (müsəlmanların kafirlərlə və kitab əhli ilə olan ixtilaflarını) onlara izah etməyin və iman gətirən dəstəyə hidayət və rəhmət olması üçün nazil etmişik.
Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və hikmətindən) bir nişanə vardır.
«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.
Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cismin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən Allah çox bilən və qüdrətlidir.
Allah sizin bəzinizi (səylərin müxtəlifliyinə və ya işlərin idarə olunmasındakı hikmətin tələbinə, yaxud zəif və acizlərin qəyyum və hamisi olmaq üçün) ruzi baxımından digər bəzilərindən üstün etdi. Üstünlük verilmiş kəslər öz ruzilərini əsla öz qullarına verməzlər ki, (ağa ilə qul) bir-birləri ilə bərabər olsunlar. Məgər onlar Allahın bu nemətini (verdiyi bu üstünlüyü) inkar edirlər?! (Nə üçün Allahın üstünlüyünü unudurlar?!)
Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi. Belə isə batilə (bütlərə və cahiliyyət adət-ənənələrinə) iman gətirir və Allahın nemətinə küfr edirlər?!
Buna görə də Allah üçün (şərik, zövcə və qızlarının olması kimi nalayiq) məsəllər çəkməyin. Həqiqətən Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz.
Allah (bir malı olmayan və nə özü və malı, nə də ağasının iş və malı barəsində) heç nəyə gücü (ixtiyarı) çatmayıb özü başqasının malı olan qul ilə gözəl (halal və çoxlu) ruzi verdiyimiz və ondan gizlində və aşkarda sərf edən azad şəxsi məsəl çəkib. Məgər bunlar bərabərdirlər? (Allah da öz şərikləri ilə bərabər deyil!) Bütün həmdlər Allaha məxsusdur (çünki, bütün kamilliklər Ona məxsusdur. Müşriklər bunları elm üzündən inkar etmirlər,) əksinə onların çoxu bilmir.
Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadan gəlmə laldır, (nə başa düşür, nə də başa sala bilir) heç nəyə qadir deyil və öz ağasının çiynində bir yükdür, hara göndərsə bir xeyir gətirməz. Məgər o, daim ədalətə əmr edən və özü düz yolda olan (sağlam və kamil) şəxslə birdir? (Allahın şərikləri də Onunla müqayisə edilə bilməz.)
Göylərin və yerin qeybi (məxluqların zahiri hissiyyatlarından və fikir üfüqlərindən gizlin qalan şeylər) Allaha məxsusdur. Və Qiyamətin işi (onun bərpa edilməsi Allah yanında asanlıq və sürət baxımından) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir.
3852 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
193 Səhifə