Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Nuh dedi: «Ey mənim qövmüm, mənə bir deyin görüm: Əgər mən Rəbbim tərəfindən (kamil möcüzə kimi) açıq-aydın bir dəlilə söykənmiş olsam və O, mənə Öz tərəfindən bir rəhmət (ilahi risalətin ləvazımatından olan elm və şəriət kitabı) əta etmiş olsa və o (inadınız və möcüzəyə diqqət yetirməməyiniz üzündən) sizə gizli qalmış olsa, istəmədiyiniz halda sizi ona vadar edə bilərikmi (halbuki ağıl baxımından və Allahın cari qanunlarına əsasən dində məcburiyyət yoxdur)?!
«Və ey mənim qövmüm, mən bunun (risalətin) çatdırılması üçün sizdən bir mal istəmirəm, mənim muzdum yalnız Allahın öhdəsinədir. Və mən iman gətirənləri qovan deyiləm, çünki onlar (sabah) öz Rəbbləri ilə görüşəcəklər (və orada mənimlə düşmənçilik edərlər) və lakin sizi nadanlıq edən bir qövm görürəm.»
«Və ey mənim qövmüm, əgər mən onları (öz yanımdan) qovsam, Allah qarşısında mənə kim kömək edəcəkdir? Məgər ibrət götürmürsünüz?!»
Və mən sizə Allahın (malların çoxalması, istəklərin yerinə yetirilməsi, xəstələrin şəfası kimi rəhmət) xəzinələrinin mənim ixtiyarımda olmasını demirəm, mən qeybi də bilmirəm, mən mələyəm demirəm və gözlərinizin xarlıq və həqirliklə baxdığı kəslər haqqında «Allah onlara heç vaxt bir xeyir verməyəcəkdir» də demirəm. Allah onların batinlərində olanı daha yaxşı bilir. Əgər elə desəm, mütləq zalımlardan olaram.» (Ən’am surəsinin 50-ci ayəsinə müraciət edin.)
Dedilər: «Ey Nuh, doğrudan da sən bizimlə mübahisə etdin və (özü də) çox mübahisə etdin. Buna görə də əgər doğruçulardansansa (ilahi əzabdan) vəd etdiyini bizə gətir.»
Nuh dedi: «Əgər Allah istəsə onu sizə gətirər və siz (mübarizə etmək, ya qaçmaqla Onu) əsla aciz qoyan deyilsiniz.»
«Və əgər Allah sizi (azğınlığınıza görə) zəlalət çölündə (sərgərdan) buraxmaq istəsə, mən sizə xeyirxahlıq etmək istəsəm də xeyirxahlığım sizə əsla fayda verməyəcəkdir. O sizin Rəbbinizdir və Ona tərəf qaytarılacaqsınız.»
Yoxsa (sənin qövmün) «bunu (bu əhvalatı və ya bu Qur’anı) onun özü yalandan uydurmuşdur!» deyirlər. De: «Əgər onu özüm uydurmuş olsam (hətta elə fərz etsək belə yenə də) günahım öz boynumadır və mən sizin etdiyiniz (küfr və itaətsizliklər kimi) günahlardan uzağam.»
Və Nuha vəhy olundu ki: «Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə.»
«Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt və zülm edənlər barəsində Mənimlə danışma (onların barəsində şəfaət və vasitəçilik etmə) ki, onlar mütləq suda boğulmalıdırlar.»
Və o, gəmini düzəldirdi. Qövmünün böyükləri hər dəfə onun yanından keçəndə («quruda gəmi?! Peyğəmbərlikdən sonra xarratlıq?!» deyib) ona məsxərə edirdilər. Dedi: «Əgər siz bizə istehza edirsinizsə, şübhəsiz, biz də məsxərə etdiyiniz kimi sizə (ağaclara, divarlara və təpələrə pənah apardığınız vaxt) məsxərə edəcəyik.»
Beləliklə, tezliklə (dünyada) xar və rüsvayedici əzabın kimə gələcəyini biləcəksiniz və (axirətdə) ona həmişəlik əzab nazil olacaqdır.
(Nuh və onun qövmü gözləyirdilər.) Nəhayət Bizim əmrimiz (Bizim mələklərə əmrimiz, ya Bizim icrası qəti olan iradəmiz) yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: «O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) istisna olmaqla öz ailə (üzvləri)ni və iman gətirənləri mindir». Və onunla (qövmünün) çox az bir qismindən başqa (heç kəs) iman gətirməmişdi.
Və (Nuh) dedi: «Onun hərəkət və sükunət halında «bismillah» deyərək ona (gəmiyə) minin və «Bismillah» onun hərəkət və sükunətidir (onun hərəkət və sükunətinin açarıdır). Doğrudan da mənim Rəbbim çox bağışlayan və mehribandır».
Və həmin gəmi onları dağlara bənzər dalğalar arasında aparırdı. Nuh (onun etiqadından və ya məkanından) bir kənarda olan oğlunu səslədi: «Ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma!»
(Oğlu) dedi: «Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam». Nuh dedi: «Bu gün Allahın rəhm etdiyi kəsdən başqa Onun əmrindən bir qoruyan yoxdur». (Bu zaman) bir dalğa o ikisinin arasını kəsdi və (Nuhun oğlu) suda boğulanlardan oldu.
Və (Allahın qəti iradəsi ilə kafirlər suda batıb boğulduqdan sonra) deyildi: «Ey yer, öz suyunu ud və ey göy, (yağışını) saxla»! Su (yerə) hopdu və iş (kafirlərin mütləq baş verməli olan məhvi) bitdi. Və gəmi «Cudi» (dağı) üzərində qərar tutdu və (Allah yaxud Onun mələkləri tərəfindən) deyildi: «Ölüm olsun zalımlara! (Haqqın rəhmətindən) uzaq olsun zalımlar!»
Nuh (tufandan qabaq) öz Rəbbini çağırıb dedi: «Ey Rəbbim, oğlum mənim ailəmdəndir. Və həqiqətən Sənin (mənim ailəmin nicatı barədəki) vədin haqdır və Sən hakimlərin ən yaxşısısan. (Bu kəlam Nuhun oğlunun nicatını istəməsi üçün bir müqəddimədir.)
(Allah) buyurdu: «Ey Nuh, o sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o (başdan-başa) nalayiq əməldir! Buna görə də Məndən, bilmədiyin şeyi istəmə. (Nuh Allahdan oğlunun bağışlanmasını istəmək ərəfəsində idi ki, Allah onu bu işdən çəkindirdi.) Mən nadanlardan olmayasan deyə sənə öyüd verirəm.»
Dedi: «Ey Rəbbim, (barəsində) elmim olmayan şeyi Səndən istəməkdən Sənə sığınıram (peyğəmbərlərə hər hansı bir mövzunu müəyyən etməmiş onun xeyirinə olmayan hökmü istəmək yaraşmaz) və əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyana uğrayanlardan olacağam.»
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə