"Ad" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ad" üzrə 2613 ayə tapıldı.
Və Süleyman üçün küləyi (ram etdik). (Onun) sübh gedişi (sürətlə qaçan atın gedişi ilə) bir aylıq yol və axşam gedişi də bir aylıq yol idi. Onun üçün mis bulağını axıtdıq. Cin tayfasından elələri var idi ki, Rəbbinin izni ilə xidmətində işləyirdi. Onlardan hər kəs Bizim əmrimizdən boyun qaçırırdısa, ona alovlu oddan daddırırdıq.
Onlar onun (Süleyman) üçün istədiyi hər bir şeyi-möhkəm qəsrlər (yaxud məbədlər və ibadət mehrabları), heykəllər, böyük hovuzlara bənzər kasalar və sabit, yerindən tərpənməyən qazanlar düzəldirdilər. (Və buyurduq:) «Ey Davud ailəsi, (bu nemətlərə) şükr edin və Mənim bəndələrimdən şükr edən azdır».
Həqiqətən, Səba qövmü üçün onların məskənlərində (Allahın qüdrəti və rəhmətinə dair) bir nişanə var idi. (Orada) sağ və sol tərəfdə iki bağça (var idi. Onlara dedik:) «Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. (Məskəniniz) pak bir şəhərdir və Rəbbiniz də bağışlayan».
(Lakin onlar nemətin bolluğundan və gediş-gəlişin rahat olmasından doydular), dedilər: «Ey Rəbbimiz, bizim səfər (düşərgə)lərimizin arasını uzaq et» (ki, azuqə və miniyə ehtiyac olsun, beləliklə də varlıların üstünlüyü aydınlaşsın) və onlar özlərinə zülm etdilər. Biz də onları (yaddaşlarda ibrətamiz) dastanlar etdik və onları tamamilə pərən-pərən saldıq. Həqiqətən, bunda (bu hadisədə) hər bir səbirli və şükr edən şəxs üçün (Allahın qüdrəti və qəzəbinə dair) nişanələr vardır.
De: «Allahın yerinə (məbud) zənn etdiklərinizi çağırın, (görəcəksiniz ki, sizə cavab vermək qüdrətləri yoxdur, çünki onlar) göylərdə və yerdə zərrə qədər də bir şeyə malik deyillər və onların o ikisində (göylərin və yerin yaradılışı, hifzi və idarə olunmasında) heç bir şərikliyi yoxdur və Allah üçün əsla onlardan bir köməkçi yoxdur».
Və dedilər: «Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) çoxdur və bizə heç bir vaxt əzab olunmayacaqdır (çünki, bizə verilənlər Allahın bizə olan məhəbbətinin əlamətidir)».
Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.
Və (yada sal) o günü ki, onların hamısını (ibadət edənləri və ibadət olunanları) toplayacaq, sonra da mələklərə deyəcək: «Bunlar (dünyada) sizəmi ibadət edirdilər?»
(Mələklər) deyərlər: «Sən (hər hansı bir eyb və nöqsandan uzaq), paksan, bizim dostumuz, hamimiz və yardımçımız yalnız Sənsən, onlar deyil. (Onların bizə ibadət etmələrinə razı deyildik). Əslində onlar cinlərə ibadət edirdilər (çünki cinlər onların ibadətlərinə razı idilər və) onların əksəriyyəti cinlərə iman gətirmişdi».
Beləliklə bu gün sizlərin bəziniz digərlərinə nisbət heç bir mənfəət və zərər (vermək qüdrətinə) malik deyil və zülm edənlərə deyəcəyik: «Təkzib etdiyiniz odun əzabını dadın».
Bizim aşkar və aydınlıq gətirən ayələrimiz onlara oxunanda, deyərlər: «Bu (adam) ancaq sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən şəxsdir» və deyərlər: «Bu (kitab da Allaha qarşı) uydurulmuş yalandan başqa bir şey deyildir». (Bəli,) haqq onlara tərəf gələn zaman kafir oldular, dedilər: «Bu, yalnız açıq-aşkar bir sehrdir».
Biz (Qur’andan öncə) onlara (səmavi) kitablar verməmişdik ki, onu oxuyalar və səndən öncə də (İsanın, ya İbrahimin zamanından indiyə kimi) onlara bir qorxudan (peyğəmbər) göndərməmişdik (ki, ona əsaslanaraq səni təkzib edələr, əslində onların inkarları inadkarlıq üzündəndir).
De: «Mən sizə yalnız bir nəsihət verirəm (və tapşırıram) ki, (bu Peyğəmbəri tanımaq və qəbul etmək üçün qarmaqarışıqlıq salmadan özü də) Allaha xatir iki-iki, bir-bir ayağa qalxın, sonra (onun keçmişi, dəlilləri və möcüzələri barəsində) fikirləşin. (Onda görərsiniz ki,) sizin bu (mehriban) yoldaşınızda heç bir dəlilik yoxdur. O, yalnız irəlidə olan çətin bir əzabdan (axirət əzabından) sizi qorxudandır (bir peyğəmbərdir)».
Onlar (qəbirdə, ya Qiyamətdə) deyərlər: «Biz ona (Qur’ana) iman gətirdik». Amma uzaq bir yerdən əlləri (imana və tövbəyə) necə çata bilər?! (Dünyadan o aləmə yol yaxın və oradan isə dünyaya yol uzaqdır).
Həmd göyləri və yeri (ilk dəfə, öncədən nümunə olmadan yoxdan) yaradan, ikiqanadlı, üçqanadlı, dördqanadlı mələkləri (yaradılış aləminin idarə olunması və vəzifələrin yerinə yetirilməsi aləmində vəhy və ilham işini icra etmələri üçün) elçilər edən tək olan Allaha məxsusdur. O, yaradılışda istədiyini artırar və varlıq aləmində yayar, çünki Allah hər şeyə qadirdir.
Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur.
Ey insanlar, Allahın sizə olan nemətlərini yada salın, məgər yeganə olan Allahdan başqa elə bir yaradan varmı ki, sizə göydən və yerdən ruzi versin? Ondan başqa bir tanrı yoxdur, elə isə (haqdan) necə və haraya döndərilirsiniz?!
Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın ! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!
Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir) çünki, Allah (bəşəri dəvət edib dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər, belə isə məbada onlara görə olan təəssüflər və kədərlər üzündən canın əldən gedə! Allah onların nə etdiklərini biləndir.
Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar; hiyləgərliklə pis iş görənlər üçünsə şiddətli bir əzab vardır.Onların hiylələri puç və təsirsizdir.
2613 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
131 Səhifə