"m" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "m" üzrə 5960 ayə tapıldı.
Həqiqətən, Səfa və Mərvə (dağları) Allahın (dininin və Ona sitayişin) əlamət və nişanələrindəndir. Odur ki, Allah evinin «həcc» ziyarətini edən, yaxud «ümrə»ni yerinə yetirən şəxsin o ikisini təvaf etməsində (ikisi arasında «sə’y» etməsində) ona (nəinki) heç bir günah yoxdur (əksinə vacibdir. Çünki, İslamdan qabaqkı müşriklərin Səfa və Mərvənin hər birində bir büt qoyub, hər dövrdə onlara təzim etmələri, sizin Allah üçün olan «sə’y» əməlinizin haramlığına səbəb olmur). Hər kim vacib miqdardan artıq xeyir bir iş görsə (sə’y və təvafın sayını artırsa), Allah qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir.
Həqiqətən (Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi və kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!
Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm.
Əbədi olaraq onda (lənət içində) qalacaqlar. Onların nə əzabı yüngülləşdirilər və nə də onlara (üzr istəmələri üçün) möhlət verilər.
Sizin tanrınız tək olan Allahdır, (ibadət edilməyə layiq) Ondan başqa bir tanrı yoxdur. O, bağışlayan və mehribandır.
Şübhəsiz, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanların xeyrinə olaraq dənizdə hərəkət edən gəmilərdə, Allahın səmadan nazil etdiyi və vasitəsilə yeri ölümündən sonra diriltdiyi və müxtəlif növdən olan canlıları onun (yerin) hər tərəfinə yaydığı suda, küləklərin (bir tərəfdən başqa bir tərəfə) əsdirilməsində və göylə yer arasında təslim halda olan buludda (bu yeddi şeyin hər birində) düşünən qövm üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) nişanələr vardır.
İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar).
O zaman (küfr və zülm) başçılar(ı) öz ardıcıllarından uzaqlaşacaq, əzabı (gözləri ilə) görəcək və bütün əlaqə və bağlılıqları qırılacaqdır.
(Küfr və zülm başçılarına) tabe olanlar deyərlər: «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq (imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların (dünya) əməllərini bu cür həsrət amilləri kimi onlara göstərər. Onlar Cəhənnəm odundan əsla çıxan deyildirlər.
Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir.
(Müşrik və kafirlərə) «Allahın nazil etdiyinə tabe olun» deyildikdə, onlar «(xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq» deyərlər. Görəsən ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!
Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər.
Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin (çünki şükürsüz ibadət kamil deyildir).
Həqiqətən (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir. Amma əslində ona meyli olmadan (Allahın hökmünə qarşı çıxmaq niyyəti olmadan) və zərurət miqdarını aşmadan (onları yeməyə) məcbur olan şəxsə heç bir günah yoxdur. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır). Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.
Hidayət bahasına azğınlığı və bağışlanmaq müqabilində əzabı satın almış kəslər onlardır. Vay-vay, onlar oda necə də səbrlidirlər!
O əzab buna görədir ki, Allah kitabı (bütün səma kitablarını) haqq olaraq (düzgün, ali və əqli bir hədəf üçün) nazil etmişdir. Həqiqətən Allahın kitabı (onun hamısının və ya bəzisinin qəbul edilməsi, kəlmələrinin, yaxud mənasının təhrif edilməsi) barəsində fikir ayrılığına düşmüş kəslər uzun-uzadı bir düşmənçilik içərisindədirlər.
Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir.)
5960 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
298 Səhifə