"Allah" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Allah" üzrə 2426 ayə tapıldı.
Allahı(n qüdrət və əzəmətini hətta insanın öz dərketmə imkanı çərçivəsində) Onun məqamına layiq meyarla ölçmədilər və tanımadılar. Halbuki qiyamət günü yer (kürəsi) bütünlüklə Onun (qüdrət) ovucunda olacaq, bütün göylər Onun qüdrətli əli ilə büküləcəkdir. O pakdır və Onun şəriki güman edilənlərdən üstündür.
Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər).
Hər bir kəsə etdiyi(nin mükafatı) tam şəkildə veriləcək və O (Allah), onların etdiklərini daha yaxşı bilir.
Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.»
(Cənnət əhli orada məskunlaşdıqdan sonra) deyərlər: «Şükr bizim barəmizdəki vədini gerçəkləşdirən və cənnət yerini irsi olaraq (dini qəbul edəcəkləri təqdirdə bizə şərik olacaq kəslərin payını da) bizə verən Allaha məxsusdur ki, cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlərin mükafatı gözəldir!
(Həmin gün) mələkləri Rəbblərinə şükr etməklə birlikdə Onu pak sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun əmrlərinin verildiyi mərkəzi dairəvi şəkildə) əhatə edən görərsən. Onların (bütün Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılar (və Qiyamət hadisələri qurtardıqdan sonra) deyilər: «Həmd və şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur!»
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
Günahı bağışlayan, tövbəni qəbul edən, cəzası ağır, firavan və daimi nemət sahibi (olan Allah tərəfindən)! Ondan başqa bir məbud yoxdur. (Hamının və hər bir şeyin) qayıdış(ı) Ona tərəfdir.
Allahın ayə (və möcüzə)ləri barəsində kafirlərdən başqa heç kəs mübahisə etməz. (Onlar da nəhayət öz cəzalarına çatacaqlar.) Buna görə də onların şəhərlərdə gəl-get etmələri (və mal, övlad və qüdrətlərinin çoxluğu) səni aldatmasın.
Həqiqətən küfr etmiş kəslərə (onlar bəzən Cəhənnəmdə özlərinə və bir-birlərinə qəzəblənən zaman) nida edilər ki: «Şübhəsiz, Allahın sizə olan nifrət və qəzəbi sizin özünüzə və bir-birinizə olan nifrət və qəzəbinizdən daha çoxdur. Çünki siz imana tərəf çağırılır və (buna baxmayaraq) küfr edirdiniz.»
Bu (əzablar) ona görədir ki, Allah tək çağırılan zaman siz (Onun birliyinə) küfr edirdiniz və ona şərik qoşulanda (həmin şeyə) iman gətirirdiniz. Buna görə də hakimlik uca məqamlı və böyük Allaha məxsusdur.
Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur. (Bu nemətlərdən) yalnız Allaha könül vermiş və Allaha tərəf qayıdan kəs ibrət alar.
Odur ki, kafirlər xoşlamasalar belə, Allahı itaət və əqidəni Onun üçün xalisləşdirdiyiniz halda çağırın.
O Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən və (göylərin üstündə yerləşib hökmranlıq məkanı və dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun.
Onların (Məhşər səhnəsində hazır olanların) zahir və aşkar olacaqları gün (ilə)! Allaha onların heç nəyi gizli qalmayacaqdır. (Və Allah tərəfindən deyiləcək:) Bu gün mülkiyyət və hakimiyyət kimə məxsusdur? (Və belə cavab veriləcək:) Tək və qüdrətli Allaha məxsusdur.
Bu gün hər bir kəs qazandığı əməllərin müqabilində cəzalandırılacaqdır (və ya əməlinin gerçək təzahürü onun cəzası olacaqdır). Bu gün (heç kimdən heç kəsə) zülm olunmaz. Həqiqətən Allah tez haqq-hesab çəkəndir (və bütün insan və cinlərin əməllərinin hesabını çəkmək onun üçün vaxt aparan və çətin bir iş deyildir).
(Yaradılış, idarəçilik və şəriət barəsində) haqq hökm çıxaran Allahdır və (müşriklərin) Allahın yerinə çağırdıqları heç bir hökm çıxara bilməzlər. Həqiqətən (hər bir şeyi) eşidən və görən Allahdır!
Məgər onlar yer üzündə gəzmədilərmi ki, özlərindən qabaqkıların işlərinin sonunun necə olmasını görsünlər? Onlar (qabaqkılar, insan) qüvvə(si və mal-dövlət) və yer üzündəki mövcudluq nişanələri (qala, şəhər və tikililəri) baxımından bunlardan daha çox və daha güclü idilər. Allah onları günahlarına görə cəzalandırdı və onları Allah(ın əzabın)dan bir qoruyan (da) olmadı.
Onun (həmin cəzanın) səbəbi bu idi ki, peyğəmbərləri onlara həmişə (tovhid və özlərinin peyğəmbərlikləri barəsində) aşkar dəlillər gətirir, lakin onlar küfr edirdilər. Beləliklə Allah onları əzabla yaxaladı. Həqiqətən O, qüvvətli və ağır cəza verəndir.
2426 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
122 Səhifə