"Ənam" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ənam" üzrə 165 ayə tapıldı.
Həmd və səna göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı vücuda gətirən Allaha məxsusdur. (Belə bir əzəmətli yaradılışın zatı tovhidə və bu qüdrətin yalnız Allaha məxsus olmasına dəlalət etməsinə baxmayaraq) kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar.
Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv və isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz.
Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.
Onlar Rəbbləri tərəfindən onlara gələn hər bir nişanə və möcüzədən (onları qəbul etməkdən) üz döndərirlər.
Həqiqətən onlar haqq (Qur’an və möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir.
Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik.
Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.
Onlar «nə üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?» dedilər. Əgər mələk nazil etsək (və onlar inkar etsələr, Bizim ənənəvi qanunlarımıza uyğun olaraq) iş (onların həlak olmaları) mütləq sona çatar və onlara daha heç bir möhlət verilməz.
Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü və anlaşılmaz edərdik (və onlar «bu da bizim kimi bir insandır» deyərdilər).
Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.
De: «Göylərdə və yerdə olan kimə məxsusdur?» De: «Allaha məxsusdur». O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş və ziyana salmış kəslər iman gətirməzlər.
Gecə və gündüz (çərçivəsin)də qərar tutmuş (yəni yer kürəsində, eləcə də günəşin digər planetlərində onun nur və kölgəsinin əhatə dairəsində olan hər bir) şey Ona məxsusdur və Odur eşidən və bilən!
De: «Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!». De: «Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım)».
Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.
Odur bəndələri üzərində hakim və qalib və Odur (bəndələrin işlərinin idarəsində) hikmətli və (onların zahir və batinlərindən) xəbərdar!
(Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: «Şahidlik baxımından nə daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda şahiddir və bu Qur’an mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam.»
(Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.
165 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
9 Səhifə