"Zina" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Zina" üzrə 18 ayə tapıldı.
(Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)
(Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən Allah həmişə tövbələri qəbul edən və mehribandır.
Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur.
Və (həmçinin) ərli qadınlar - (müharibə zamanı kafirlərdən) əsir düşənlər istisna olmaqla - (sizə haram oldu). (Çünki onların ərsiz əsir düşmələri təlaq hökmündədir.) Bunlar (bu hökmlər) Allahın sizin üçün yazdığı və qərara aldıqlarıdır. Bunlardan (sadalanan on dörd qismdən) başqaları sizə halal oldu ki, günahdan çəkinən və zinadan uzaq halda öz mallarınızla (onlarla evlənmək) istəyəsiniz. (Sadalanan on dörd qismdən başqa) müvəqqəti evləndiyiniz qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin. Vacib mehriyyə təyin olunduqdan sonra (mehriyyənin aradan götürülməsi və ya onun azaldılıb-çoxalması barəsində aranızda) qarşılıqlı razılığa gəldiyiniz şeydə sizin üçün günah yoxdur. Həqiqətən Allah həmişə (işlərin xeyrini) bilən və (şəriət və xilqətdə) möhkəm yaradılış sahibidir.
Sizlərdən azad və möminə qadınlarla evlənməyə maddi imkanı olmayan şəxs malik olduğunuz kənizlərdən cavan və möminə qızlarla evlənsin. Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə də sahiblərinin icazəsi ilə onlarla evlənin və mehriyyələrini zina əhli və gizlin aşnası olana deyil, namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin. Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən və (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbr etmək daha yaxşıdır. Allah çox bağışlayan və mehribandır.
Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehriyyələrini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.
Doğrudan da o qadın (kam almaq üçün) ona tərəf hərəkət etdi və əgər Yusuf öz Rəbbinin dəlilini (özünün peyğəmbərlik məqamını və Allahın əzəmətini) görməsəydi, təbii olaraq o da (yaxınlıq etmək üçün) ona tərəf hərəkət edərdi (lakin dəlili görə-görə onun belə bir hərəkət etməsi qeyri-mümkün idi). [Və ya: O qadın (zina etmək üçün) ona tərəf hərəkət etdi. Əgər öz Rəbbinin dəlilini görməsəydi (Rəbbi onu səhnədən qaçmağa istiqamətləndirməsəydi) o da (müdafiə olunmaq məqsədi ilə onu vurmaq və ya öldürmək üçün) ona tərəf hərəkət edərdi.] Biz belə etdik ki, pisliyi (adam öldürməyi) və zina (ittihamı)nı ondan sovuşduraq. Həqiqətən o bizim seçilmiş bəndələrimizdən idi.
zinaya yaxınlaşmayın (hətta onun üçün müqəddimə ola biləcək əməllərdən uzaq olun), çünki o çox çirkin (bir əməl) və (cəmiyyətin pozulması və onun mənəviyyatsızlığı ilə nəticələnən) pis bir yoldur.
(Ey müsəlmanların adil hakimləri,) zina etmiş qadınla zina etmiş kişinin hər birinə yüz şallaq vurun. (Əlbəttə, bu o şəraitdədir ki, onun həyat yoldaşı olmasın, onlar bir-birləri ilə məhrəm olmasınlar və zina icbari zina və yaxud kafirin müsəlman qadınla zinası qismindən olmasın.) Əgər Allaha və axirət gününə imanınız varsa, məbada Allahın dinində (onun icrasında) o ikisinə (zinakarlara) qarşı mərhəmət və ürəyiyumşaqlığa düçar olasınız! Və gərək o ikisinin əzabına möminlərdən bir dəstəsi şahid olsun.
Zinakar kişi (təbii ki,) zinakar və ya müşrik qadından başqası ilə evlənməz (və o, əsla iffətli qadının arxasınca getməz) və zinakar qadını (təbii ki,) zinakar və ya müşrik kişidən başqası almaz. Bu (cür ailə qurmaq iffətlərinə görə) möminlərə qadağan edilmişdir.
Və (ey müsəlmanların işlərinin başçıları,) iffətli qadınlara zina isnad verib sonra (öz iddialarının isbatı üçün) dörd kişi şahid gətirməyən kəslərə səksən şallaq vurun və daha heç vaxt onların şahidliklərini qəbul etməyin. Onlar həqiqətən fasiqdirlər.
Öz arvadlarına zina isnad verib özlərindən başqa bir şahidləri olmayan kişilərin birinin (dörd şahid gətirmədiyi üçün, töhmət vuran şəxslərə təyin edilmiş cəza növünü onun boynundan götürən) şahidliyi özünün doğruçulardan olması barəsində Allaha dörd dəfə (and içərək) şahidlik etməsidir. (O, dörd dəfə belə deməlidir: «Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm.»)
İttiham edilən qadından (da) əzabı (şəriətdə təyin edilmiş cəzanı) «o kişi (ona zina nisbət verməkdə) həqiqətən yalançılardandır» deyə dörd dəfə Allaha şəhadət verməsi götürür.
Nə üçün ona (həmin ittihama) dörd kişi şahid gətirmədilər?! Şahidləri gətirmədikləri üçün Allahın yanında onlar özləri yalançıdırlar. (Çünki şahid olmayan təqdirdə hətta insanın özü bilsə belə zina isnad vermək şəriət və axirət cəzası baxımından yalan hökmündədir.)
Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır.
Evlənmək (imkanı) tapmayanlar, Allah Öz lütfü ilə onların ehtiyaclarını aradan qaldırana kimi gərək iffətli olsunlar. (Qullardan özlərini almaq və pulu tədricən vermək üçün) yazılı müqavilə istəyənlərlə, əgər onlarda bir xeyir (həmin məbləği ödəmək və müstəqil həyat sürmək qüdrəti) bilsəniz, onlarla yazılı müqavilə bağlayın və Allahın sizə verdiyi ilahi maldan (zəkatın qulun azad olunmasında istifadə üçün müəyyənləşdirilmiş hissəsindən) onlara verin (ki, özlərini azad etsinlər). Və iffətli olmaq istəyən cavan kənizlərinizi, dünya malı tələbi ilə zinaya məcbur etməyin. Kim onları məcbur etsə, həqiqətən Allah onların məcbur edilmələrindən sonra (məcbur edilənə icbara məruz qaldığı üçün, məcbur edənə isə tövbə edəcəyi təqdirdə) çox bağışlayan və mehribandır.
Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar.
Ey peyğəmbər, möminə qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, öz qarnı ilə ayaqları arasından çıxan uşağı (başqasının uşağını, yaxud öz haramzada uşağını) iftirayla ərlərinə aid etməyəcəklərini və sənə heç bir yaxşı işdə (vacib əmrdə) itaətsizlik göstərməmək barədə beyət etmək üçün yanına gəldikləri zaman onlarla beyət et (beyətlərini qəbul et). Onlar üçün Allahdan bağışlanmaq dilə ki, Allah bağışlayan və mehribandır.
18 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
1 Səhifə