Əsas məzmuna keç

Ali-İmran surəsi - 144-cü Ayə

Surə 3
Ayə 144

Azərbaycan dilində tərcümə

Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.
Ali-İmran surəsi , 144-cü ayə
Ali-İmran surəsi 144-cü ayə
Tam Surə

Ali-İmran surəsi 144-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 144

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Məhəmməd yalnız bir peyğəmbərdir. Ondan qabaq da peyğəmbərlər (gəlmiş və) getmişlər. (Beləcə, peyğəmbərlər üçün də ölüm olmuşdur (var). Məgər o ölsə və ya öldürülsə, siz öz keçmişdəkilərinizəmi (onların ayinlərinəmi) dönəcəksiniz? Hər kəs geri dönsə, Allaha heç bir zərər yetirməz. Allah tezliklə şükür edənlərin mükafatını verəcək.”
Nöqtələr
Təfsirdə deyilir: Ühüd döyüşündə kafirlər Peyğəmbərin (s) alnına atdıqları daşla onu yaraladılar. Bir nida qopdu ki, Məhəmməd (s) öldürüldü. Bəziləri də Müsəb şəhadətə çatarkən peyğəmbərin şəhadətə çatdığını güman etdilər. Bu şayiə kafirlərin şadlanmasına və ruhlanmasına səbəb oldu. Müsəlmanlardan bir dəstəsi qorxuya düşüb qaçmağa başladı. Bəziləri də kafir komandanı Əbu-Süfyandan aman diləmək fikrinə düşdülər. Amma başqa bir qrup müsəlman uca bir səslə fəryad çəkib deyirdilər: "Əgər Məhəmməd (s) də olmasa, Məhəmmədin (s) yolu, Məhəmmədin (s) Allahı yerindədir. Qaçmayın!”
İmam Sadiq (ə) buyurmuşdur: "Qətl ölümdən fərqli bir həqiqətdir. Hər bir şəhid gələcəkdə geri dönüb yenidən öləsidir.("Təfsire-Əyyaşi”, c. 2, səh. 113. ) Quranda buyurulur: "Hər kəs ölümü dadacaqdır.”("Ənbiya”, 35. )
Bildirişlər
1. Peyğəmbərin vəzifəsi Allahın əmrini bəyan etməkdir. Biz isə bu yolu davam etdirməliyik.
2. Məgər əvvəlki peyğəmbərlər öldükdə onların ardıcılları dindən çıxdımı?!
3. İslam cəmiyyəti elə təşkil olunmalıdır ki, hətta rəhbərin dünyasını dəyişməsi onun möhkəmliyini sarsıtmasın.
4. İslam peyğəmbəri də ilahi sünnələrə, eləcə də, ölüm və həyat kimi təbiət qanunlarına tabedir.
5. Şayiə yaymaq düşmənin üslublarındandır.
6. Peyğəmbərin yolu yox, ömrü məhduddur.
7. Fərdə pərəstiş qadağandır. Allahın yolu aydınlaşdırıldıqdan sonra rəhbərlərin gəliş-gedişi ilahi xəttin davamına zərbə vurmamalıdır.
8. İmanınızı o qədər möhkəmləndirin ki, hadisələr onu lərzəyə gətirməsin.
9. Peyğəmbərlərin yolundan əl çəkmək süqut və geriləməkdir.
10. Xalqın küfrünün Allaha heç bir zərəri yoxdur.
11. Haqq yolda müqavimət əməli şükrün ən yaxşı növüdür və onun mükafatı Allahın yanındadır.