Əsas məzmuna keç

Ali-İmran surəsi - 77-ci Ayə

Surə 3
Ayə 77

Azərbaycan dilində tərcümə

Həqiqətən, öz əhd-peymanları və andları(nı - dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.
Ali-İmran surəsi , 77-ci ayə
Ali-İmran surəsi 77-ci ayə
Tam Surə

Ali-İmran surəsi 77-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 77

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, Allahla əhdi və öz andlarını ucuz qiymətə satanların axirətdə bir payı yoxdur. Allah qiyamətdə onlarla danışmaz, onlara nəzər salmaz və onları pak etməz. Onlar üçün dərdli bir əzab vardır.”
Nöqtələr
Bu ayədə əhdi sındıranlar beş növ ilahi qəhr və qəzəblə hədələnirlər: Axirətdə əli boşluq, Allahın xitabından məhrumluq, ilahi lütf nəzərindən uzaqlıq, günahdan paklanmamış qalmaq, dərdli əzaba düçar olmaq.
Şiə və sünni rəvayətlərində həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Əmanətə vəfa etməyənin imanı yoxdur və öz əhdinə vəfa qılmayan dinsizdir.”("Təfsire-Məraği”; "Təfsire-Nurus-səqəleyn”. )
Bəzi rəvayətlərdə nəql olunmuşdur ki, "Əhdillah” dedikdə Tövratda İslam peyğəmbəri ilə bağlı bəyan olunmuş həqiqətlər nəzərdə tutulur. Bu həqiqətlər yəhudi alimləri tərəfindən təhrif olunmuşdur.
Allah tərəfindən salam ünvanlanmış kəslərin vəziyyəti ilə Allahın üz çevirdiyi kəslərin vəziyyətini müqayisə edək. Belələrinin naləsi ilahi bir nida ilə kəsilir.(Bax: "Yasin”, 58; "Möminun”, 108. )
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs and içməklə öz qardaşının var-dövlətini nahaqdan yesə Allahın qəzəbinə düçar olar.” Sonra həzrət uyğun ayəni tilavət etmişdir.("Təfsire-Nurus-səqəleyn”. )
Həzrət Əli (ə) buyurmuşdur: "Qiyamətdə Allahın nəzəri dedikdə, Onun mərhəmət nəzəri başa düşülür. Əlbəttə ki, söhbət zahiri gözlə olan baxışdan getmir.("Təfsire-Bürhan”, c. 1, səh. 293. )
Bildirişlər
1. İnsanın yanında xalqın əmanəti ilahi əhddir. Əvvəlki ayələrdə oxuduq ki, bəziləri xalqın əmanətini qaytarmır. Bu ayədə isə "xalqın əmanəti” təbiri əvəzinə "əhdillah” təbiri işlədilmişdir.
2. Əhdi pozmaq kəbirə günahlardandır. Quranda heç bir günah haqqında bu sayaq ardıcıl hədələr sadalanmamışdır.
3. Yalan and qiyamətdə məhrumluq səbəbidir.
4. Dünyapərəstlik əhdi pozmağın köküdür.
5. İnsan heç bir qiymətə əhdi pozmamalıdır. Əhdə vəfasızlığın dəyəri hər nə olsa azdır.
6. Qiyamət cəzaları insanın əməllərinə mütənasib olur. Allaha etinasızlığımız Allahın etinasızlığı səbəbidir.
7. Axirət əzabı həm cismə, həm də ruha aiddir. Cisimlə bağlı cəza dərdli əzab, ruhla bağlı cəza Allahın üz döndərməsidir.