NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 9
MÖHSÜN QƏRAƏTİ
15.12.2025
"Həqiqətən, Biz Özümüz Quranı nazil etdik və şübhəsiz, Biz onu qoruyarıq.”
Nöqtələr
Altıncı ayədə kafirlər deyirdilər: "Peyğəmbərə nazil olan zikrin qaynağı məlum deyil.” Bu ayədə isə belə buyurulur: "Şəkk etməyin, şübhəsiz, ona zikr və Quran nazil edən Biz özümüzük.” Əgər kafirlər Peyğəmbəri (s) təkidlə divanə sayırdılarsa, Allah daha artıq təkidlə Quranın nazil olmasını və qorunmasını Öz müqəddəs zatına aid edir.
Bu qısa ayədə ərəb dilini bilənlərin anlayacağı beş təkid növündən istifadə olunmuşdur.
Ayədə bildirilir ki, Quranda heç bir dəyişiklik və təhrif olmamışdır. Bu sayaq müddəalar başqa ayələrdə də var: "Heç bir batilin heç bir cəhətdən Qurana yolu yoxdur.” Quranın təhrifə uğradığını bildirən rəvayətlər ya uydurmadır, ya məna təhrifidir ki, həqiqi Quranşünas olan Əhli-beytdən kənar şəxsi rəy əsasında təfsirdən yaranan təhrifi nəzərdə tutur.
Bəli, Allah Quranı qoruyacağını vəd etmişdir. Müsəlmanlar da ilk gündən Quranı qorumuş, onun yazıya alınmasında və hifzində ciddilik göstərmişlər. Hətta Quran təlimi qadınlar üçün mehriyyə təyin olunmuşdur. Müxtəlif insanlar vəhyi qələmə almaqla məşğul olmuşlar. Onlardan biri də həzrət Əlidir (ə). Əhli-beyt imamları xalqı məhz həzrət Əlinin (ə) yazdığı Qurana dəvət etmişlər. Səqəleyn hədisində oxuyuruq: "Peyğəmbər buyurur:”Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: biri Quran, digəri Əhli-beyt. Bu iki şey heç vaxt bir-birindən ayrılmaz. Əgər hər ikisinə sarılsanız, heç vaxt azmayacaqsınız.” Digər bir tərəfdən, necə ola bilər ki, sabit risalətə malik peyğəmbərin kitabı dəyişmiş olsun.
Mustafaya vəd edibdir Rəbbimiz; Sən gedər olsan da getməz vəhyimiz. Hafizəm, qoymam kitabdan söz düşə, Artırıb əskiltmələr keçməz işə. |
Quranın təhrif olunmaması ilə bağlı yüzlərcə kitab, məqalə yazılmış, böyük şiə alimləri tərəfindən araşdırmalar aparılmışdır. Çox təəssüf ki, şiələr Quranın təhrif olunmasına inancda suçlanırlar. Əslində isə belə deyil!
Quran zikrdir. Zikr və Qurandan uzaqlıq insanı bədbəxt edir. Quran zikrdir və qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapır.
Bildirişlər
1. Quran nə insan, nə də mələk tərəfindən gətirilib.
2. Quran həmişəlik hifz olunar.
3. Quranın istənilən bir təhrifdən qorunması Quranın öngörənliklərindən və İslamın imtiyazlarındandır.
4. Quran zikrdir. Bu kitabda Allah, nemətlər, keçmişlərin tarixi və Qiyamət yada salınır.
5. Böhtan və təhqirlərə möhkəm cavab verilməlidir.