NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Mükafat və cəza başa çatdıqdan sonra (şeytan) cəhənnəm əhlinə (məzəmmətlə) deyər: "Həqiqətən, Allah sizə doğru vəd verdi, mən isə sizə verdiyim vədə xilaf çıxdım. Mən sizə hakim deyildim. Yalnız sizi dəvət etdim və siz qəbul etdiniz. Belə isə məni yox, özünüzü məzəmmət edin. (Bu gün) nə mən sizin dadınıza çatanam, nə də siz mənim dadıma çatansınız. Bundan öncə məni Allaha şərik qoşmağınızdan zara gəlmişəm. Şübhəsiz, zalımlar üçün dərdli əzab var.”
Nöqtələr
Günahkar qiyamətdə çabalayar ki, öz günahlarına şərik tapsın və xətalarını başqasının boynuna atsın. O bəzən "pis yoldaş məni azdırdı”, bəzən "azğın rəhbər məni yoldan çıxardı”, bəzən "şeytan məni aldatdı” deyər. Şeytan isə belə cavab verər: "Məni məzəmmət etməyin, mənim işim yalnız vəsvəsə və dəvət olub. Azğınlığınız özünüzdəndir.”
Şeytanın insana hakim olmamasını Allah da təsdiqləyir. Allah-təala buyurur ki, şeytan mənim xalis bəndələrimə hakim deyil.
Bildirişlər
1. Allahın vədləri haqdır və gerçəkliyə uyğundur.
2. Şeytan öz vədləri ilə insanı aldadır.
3. Şeytan insanı məcbur etmir, onun işi vəsvəsə və dəvətdir.
4. Hətta şeytan belə günahkar insanı məzəmmət edir.
5. Məzəmmət insanın azadlığını göstərən dəlillərdəndir. Əgər insan məcbur olsaydı, məzəmmət edilməzdi.
6. Günahınızı şeytanın boynuna atmayın.
7. Batil rəhbərlər və onlara tabe olanlar bir-birlərindən üz döndərərlər. Şeytan insanların günahına şərik olmasından imtina edər. Yolunu azmış ardıcıllar isə öz rəhbərlərinə deyərlər: "Əgər dünyaya qayıtmağımız üçün fürsət olsaydı, biz də sizdən üz çevirərdik.”
8. Allahdan qeyrisinə itaət şirkdir.
9. Şeytanın dəvətlərini qəbul etməsi insanın özünə və əqidə məktəbinə zülmdür.