NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 31
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Şübhəsiz, onları öldürmək böyük günahdır!”
Nöqtələr
"İmlaq” dedikdə fəqirlik, yoxsulluq nəzərdə tutulur. Ola bilsin ki, bu sözün kökü "mələq” sözüdür. Çünki yoxsulda "təməllüq”, yəni yağlı dillə yaltaqlıq müşahidə olunur.
Bu ayə cahiliyyət dövrünün böhranlı iqtisadiyyatının simasını göstərir. Bugünkü dünyamızda iqtisadi problemlər və cəmiyyətin artımından nigaran olanlar çıxış yolunu doğuşların qarşısını almaqda görürlər. Bu da bir növ cahiliyyətdir.
Allah-təala "Ənam” surəsinin 151-ci ayəsində övladların yoxsulluq səbəbindən öldürüldüyünü bildirir. Bu ayədə isə yoxsulluq qorxusu önə çəkilmişdir. Birinci halda buyurulurdu: "Biz sizin və övladlarınızın dolanışığını təmin edərik.” Bu ayədə isə yoxsulluq qorxusu ilə bağlı deyilir: "Övladlarınızın ruzisi və öz ruziniz Bizim öhdəmizədir.” Qorxu və həyəcan çox olduğundan Allah öncə övladı, sonra valideyni sığortalayır və mümkün həyəcanı azaltmaq istəyir.("Bihar”, c. 77, s. 58 ) Bu fərqin səbəbi aclığın hazıra, yoxsulluq qorxusunun gələcəyə aidliyi ola bilər. Əvvəlcə "sizə və övladlarınıza ruzi verərik”, sonra isə "övladlarınıza və sizə ruzi verərik” buyurulur.
Bildirişlər
1. Övladın yaşamaq haqqı var, valideyn onu bu haqdan məhrum etməməlidir.
2. Yoxsulluq və əliboşluq insanın ən güclü hislərinə də təsir göstərir.
3. Yoxsulluq zərərindən qorxu günah və başqalarının hüququnun pozulması üçün səbəb ola bilməz.
4. Əgər ruhi asayiş və iman olmasa, təkcə yoxsulluq yox, yoxsulluq qorxusu da qətlə səbəb ola bilər.
5. İlahi zəmanətə əminlik günaha mane olur.
6. İman və təvəkkülü yaddan çıxarmayın.
7. Allah ata-anadan mehribandır, Ona bədgüman olmayın.
8. Ruzi Allahın əlindədir, bu istiqamətdə çoxluq rol oynamır. Demək, övlad yoxsulluq səbəbi deyil.
9. Bəzən biz övladlarımızın sayəsində ruziyə çatırıq.
10. Övladı öldürmək, doğuşun qarşısını almaq günah və cinayətdir. İstər oğlan, istər qız övlad yaşamaq haqqına malikdir.
11. Günahlar eyni deyil. Kiçik (səğirə) və böyük (kəbirə) günahlar var.