Əsas məzmuna keç

Əl-İsra surəsi - 32-ci Ayə

Surə 17
Ayə 32

Azərbaycan dilində tərcümə

Və zinaya yaxınlaşmayın (hətta onun üçün müqəddimə ola biləcək əməllərdən uzaq olun), çünki o çox çirkin (bir əməl)(cəmiyyətin pozulması və onun mənəviyyatsızlığı ilə nəticələnən) pis bir yoldur.
Tam Surə

Əl-İsra surəsi 32-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 32

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Zinaya yaxın düşməyin. Bu, çirkin iş, pis yoldur.”
Nöqtələr
Qeyri-qanuni cinsi əlaqənin (zinanın) fəsadları, fərdi və ictimai zərərləri var. Ailə təməlinə zərbə vuran bu çirkin iş İslamda haram buyurulmuşdur. Qurani-kərimdə zina şirk, qətl, oğurluqla yanaşı zikr olunur.("Maidə”, 32 )
ZINANIN BIR SIRA FƏSADLARI VAR:
1. Zina qarşıdurma, intihar, evdən uzaqlıq, qeyri-qanuni övladlar, cinsi xəstəliklər, ailə üçün hörmətsizlik kimi bir çox acılıqların qaynağıdır.
2. Şəhvət alovunu söndürmək üçün bir-birinin sorağınca gedən zinakarlar arasında möhkəm bağlılıq, aramlıq olmur.
3. Zinakar qarşı tərəfi həyat yoldaşı yox, ləzzət vasitəsi sayır.
4. Zina ailə təşkilinin qarşısını alır, qohumluq əlaqələrini qırır, yaxınlara yardıma mane olur. Zina yolunun açılması evlənməyə marağı öldürür.
5. Zinakarda nəsil davamı, övlad tərbiyəsi ilə bağlı vəzifə məsuliyyəti olmur, bu zümrədən olanlar ata-ana hissindən məhrum olurlar.
6. Zina varislik prinsipini pozur, həqiqi varis tanınmır.
7. Zina nəticəsində insan alçalır, zinakarı vaxtsız ölüm yaxalayır.("Nisa”, 93 )
8. Zina əlavə xərclər tələb etdiyindən zinakar şəxs öz şəhvətini söndürmək üçün başqa günahlara da əl atır. Məsələn, istəyinə çatmaq istəyən zinakar böhtan atır, hədələyir, oğurluq edir, hətta insan həyatına son qoyur.
9. Zina nəticəsində ərsəyə gələn qeyri-qanuni övladlar cəmiyyətdə bir sıra fəsad və cinayətlər törədir. Zinadan doğulanların fəsadı zinanın aşkar nümunələrindəndir.
İslam zinanın qarşısını almaq üçün müəyyən tədbirlər planı təqdim edir:
1. Bəzi yerlərdə kişinin naməhrəm qadınla ünsiyyətinə qadağa qoyulur;
2. Kişi və naməhrəm qadının xəlvətdə ikilikdə qalması qadağan olunur;
3. Qadına naməhrəm qarşısına bəzənmiş halda çıxmaq qadağan olunur;
4. Naməhrəmə baxmamaq, naməhrəmlə əl verib görüşməmək, zina barədə düşünməmək, şəhvət doğuran şəkillərə və səhnələrə baxmamaq tapşırılır;
5. Zinakar üçün ciddi cəza nəzərdə tutulur;
6. İzdivac, evlənmək tövsiyə olunur və mehriyyənin (kişinin ödəməli olduğu evlənmə haqqını) aşağı endirilməsi tapşırılır;
7. Gec evlənmək məzəmmət edilir; 8. Evlənmə və ailə üçün səy ibadət sayılır.
Bildirişlər
1. Bəzi günah səhnələri o qədər cazibədardır ki, onlara yaxınlaşmaq belə təhlükəlidir.
2. Nəinki zinadan, hətta zinaya aparan yoldan çəkinmək lazımdır. (Bəzən bir baxış, bir telefon söhbəti, bir məktub və ya bir görüş zina üçün zəmin olur.)
3. Zina tarix boyu çirkin iş sayılmışdır. Digər dinlərdə də zina haramdır.
4. Nəhy-əz-münkərdə (pisliyə qadağada) günahın çirkinliyini bəyan edək.
5. Zina həm günahdır, həm də başqa günahlara yol açıb insanı bədbəxt edir.