Əsas məzmuna keç

Əl-İsra surəsi - 39-cu Ayə

Surə 17
Ayə 39

Azərbaycan dilində tərcümə

Bu (iyirmi neçə vacib və haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri və əqli qanunlardandır). Və Allahla yanaşı əsla başqa bir məbud götürmə ki, (Allah və vicdan tərəfindən) qınanmış və (yaxşıların zümrəsindən) qovulmuş halda Cəhənnəmə atılarsan.
Əl-İsra surəsi , 39-cu ayə
Əl-İsra surəsi 39-cu ayə
Tam Surə

Əl-İsra surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Bu (göstərişlər) Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa məbud qərar vermə, yoxsa məzəmmət olunar, qovular və cəhənnəmə atılarsan.”
Nöqtələr
Bəzi təfsirçilər deyir: "Hikmə” dedikdə ötən ayələrdə qeyd olunmuş və digər dinlərdə əks olunmuş sabit hökmlər nəzərdə tutulur. İyirmi ikinci ayədə şirkin qadağası ilkin hikmət idi. Bu ayədə şirkin qadağası hikmətlərin sonudur.
Allah bəzən Peyğəmbərə (s) sərt bir xitabla əslində kafirlərə xəbərdarlıq edir. Məqsəd kafirlərin peyğəmbərlərdən ümidlərini üzməsidir. Məsələn, buyurulur ki, əgər Allahdan qeyrisinin sorağınca getsən, cəhənnəmə atılarsan.
Bildirişlər
1. Allahın əmr və qadağaları hikmətə, bəşəriyyətin tərbiyə ehtiyaclarını əhatə edən elmə əsaslanır və ağıla uyğundur.
2. Ağıl və fitrət insanın vəhyə olan ehtiyacını ödəmir. İnsan vəhyə möhtacdır.
3. Şirk o qədər çirkindir ki, hətta Peyğəmbər (s) onun sorağınca getsə məhv olar.
4. Vəhy məktəbi və ilahi qanundan savay bütün yollar və məktəblər məhvə aparır, məhrumiyyət və cəhənnəmlə sonuclanır.
5. Şirkin sonu cəhənnəmdir və müşrik Allahın rəhmətindən uzaq düşəsidir.
6. Müşriklər cəhənnəmdə yanmaqla yanaşı, ruhi əzab da görürlər.