NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 53
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Bəndələrimə de ki, gözəl söz danışsınlar. Çünki şeytan (ölçüsüz sözlərlə) onların arasında fitnə-fəsad salır. Həqiqətən, şeytan insan üçün daim aşkar düşmən olub.”
Nöqtələr
Allah ən üstün varlıqları yaradandır.("Bihar”, c. 28, s. 206; c. 50, s. 192 ) O, bizlərdən üstün olanları üstün əmələ, üstün sözə, üstün dəvətin qəbuluna çağırır.(Bax: "Ənfal”, 43 )
Belə görünür ki, kafirlərin rəftar üsulu, acı sözləri ilə, eləcə də qarşı tərəfə eyni tərzdə cavab verilməsi ilə bağlı müsəlmanların sualları olmuşdur. Ayə "qul” ("de”) əmri ilə onlara cavab verir. Çünki bəzən bütlərə ünvanlanmış pis söz Allahın ünvanına kafirlərin pis söz deməsi ilə nəticələnirdi.
"Gözəl söz” dedikdə istənilən bir bəyənilmiş söz nəzərdə tutula bilər. Salam, dua, doğru yola dəvət, məhəbbətin izharı, yaxşılığa əmr, pisliyə qadağa, Allah zikri, tövbə və yalvarış gözəl sözə nümunə ola bilər.
Bildirişlər
1. Gözəl sözə gözəl danışıqla dəvət etmək lazımdır.
2. Yaxşı danışıq məhəbbət, pis danışıq müxtəlif şeytani vəsvəsələr üçün zəmindir. Bəli, gözəl söz vəsvəsə zəminini aradan qaldırır.
3. Başqaları ilə xoş rəftar bəndəlik şərtidir.
4. Xalq arasında düşmənçilik toxumu səpmək şeytan işidir. Bu sayaq düşmənçilik yaradan insan şeytanın həmkarıdır.
5. Şeytan daim insanın düşməni olmuş, öz düşmənçiliyindən bir an belə əl çəkməmişdir.
6. Şeytan öz fitnə-fəsadında və insanla düşmənçiliyində çox ciddidir.