NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 71
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Hər bir dəstəni imamı (rəhbəri) ilə çağıracağımız gün hər kəsin əməl naməsi sağ əlinə verilsə, onlar öz namələrini oxuyub şad olarlar. Onlara xurma sapı qədər də zülm olunmaz.”
Nöqtələr
"Qətil” dedikdə xurma dəninin çatındakı nazik sap başa düşülür. "Qətil”, istənilən az, kiçik və zəif şeyə işarə ola bilər.
Quranda iki rəhbərin adı çəkilir: nur və hidayət imamı("Təfsiri-Nurus-Səqəleyn” ); od və zəlalət imamı(Bax: "Haqqə”, 19 ). İkinci dəstədən olan rəhbərlər xalqı zor, hədə, tamahlandırma, alçaltma vasitəsi ilə özlərinə itaətə məcbur edirlər.
Əbu Bəsir imam Sadiqə (ə) deyir: "Şəhadət verirəm ki, sən mənim imamımsan.” İmam buyurur: "Qiyamətdə hər bir dəstə öz imamı ilə məşhur olar. Günəşpərəstlər günəşlə, aypərəstlər ayla səhnəyə gətirilər.”(Təfsiri-Kənzud-Dəqaiq” )
Bildirişlər
1. Qiyaməti yaddan çıxarmayaq.
2. Qiyamətdə insanlar öz rəhbərlərinə uyğun olaraq bölünər.
3. İnsan özündən asılı olmayaraq nümunə, ideal və rəhbər seçir.
4. Müsəlmanlar rəhbər məsələsinə münasibətdə biganə qalmamalıdırlar. Çünki qiyamətdə insan öz rəhbəri ilə məşhur olur.
5. Rəhbər seçimi və ona itaət məsələsinin təsirləri qiyamətdə davam edir.
6. Qiyamət təkcə fərdlərin mühakiməsi deyil. Qiyamətdə ümmətlər, millətlər, partiyalar, əqidə məktəbləri və hökumətlər də mühakimə olunar.
7. İmamət və vilayət sırf etiqadi və həyat haşiyəsində yox, həyat mətnində əsas yerdə duran məsələdir. Rəhbərlik məsələsi insanların səadət və bədbəxtliyində həlledici amildir.
8. Qiyamətdə xeyir əməl sahibləri öz əməl namələrini oxuyub şad olarlar. Onlar bir-birlərini səsləyib öz namələrini göstərərlər.(Təfsiri-Kənzud-Dəqaiq” )
9. İnsan öz əməllərini yazılı şəkildə əlinə alasıdır.
10. İnsan qiyamətdə yazılı dəlil-sübutlar əsasında mühakimə olunar.
11. Qiyamətin mükafat və cəzası sırf ədalət əsasındadır.