NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Az qalmışdı ki, səni vəhy etdiyimizdən xəbərsiz qoyalar, vəhydən qeyri bir şeyi Bizə aid edəsən və həmin vaxt səni özlərinə dost tutalar.”
Nöqtələr
Rəvayətdə oxuyuruq ki, müşriklər İslam Peyğəmbərindən (s) bütlərə hörmət göstərməsini və ya bütpərəstliyin davamı üçün möhlət verməsini istəyirdilər. Peyğəmbər (s) bu təklifi qəbul etmək haqqında düşündüyü vaxt Allah onu hifz etdi... Amma bu qəbildən olan rəvayətlər qəbuledilməzdir, Peyğəmbərin (s) Quran ayələrində təsdiqlənən paklıq və qətiyyəti ilə bir araya sığmır.(Bax: "Haqqə”, 44-46 )
"Ətyəbul-bəyan” təfsirində deyilir: ayədəki "səni vəhy etdiyimiz” təbirindən aydın olur ki, kafirlər Peyğəmbərin (s) diqqətini vəhydən yox, hansısa şəxsdən yayındırmaq istəmişlər. Bəs haqqında vəhy nazil olmuş bu şəxs kimdir?
İmam Baqir (ə) və imam Kazimdən (ə) nəql olunmuş hədisdə bildirilir ki, bu şəxs Həzrət Əlidir (ə). Allah onun vilayəti haqqında vəhy yolu ilə Peyğəmbərə (s) tapşırıq vermişdir. Allah Peyğəmbərin (s) xalqın həsədinə, inkarına və dözümsüzlüyünə biganə qalması üçün bu ayəni nazil etdi və kafirlərin səyləri səmərəsiz qaldı.
"Əlləzi” (o şey ki) sözünə əsasən uyğun hədis qəbul oluna bilər. Bir şərtlə ki, həzrət Əlinin (ə) Məkkədə tanıtdırılması nəzərdə tutulmuş olsun. Çünki surə Məkkə surəsidir.
Bildirişlər
1. Kafirlər peyğəmbərləri də öz tərəflərinə keçirmək üçün plan cızırlar.
2. Din rəhbərləri düşmənin qurğularına diqqətli olmalıdırlar. Onlar din rəhbərlərində süstlük yaratmağa, onların mövqeyini dəyişməyə çalışırlar.
3. Hansısa fərdlər və ölkələrlə dostluq əqidə və müqəddəsliklərə göz yummaq bahasına başa gəlirsə, səmərəsizdir.
4. Nə qədər ki, müsəlmanlar öz əqidə və ayinlərindən əl çəkməyiblər, kafirlər və düşmənlər onlara həqiqi dost olmayacaqlar. Düşmən aza qane olmur, sizi əqidənizdən döndərmək istəyir.(Bax: "Zumər”, 65 )