NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Məgər yaradan yaratmayan kimidir? Yoxsa öyrənmir, öyüd götürmürsünüz?”
Nöqtələr
"Nəhl” surəsinin hazırkı ayəyədək beş ayəsində ilahi nemətlər sadalanır. Bu ayədə ümumi bir nəticə əldə olunur və sual şəklində bəyan olunur ki, yaradan kəs yaratmaq qüdrəti olmayan bütlər və zalım qüvvələr kimi ola bilərmi? Hansı əsasla Allahın yox, uydurma məbudların sorağınca gedirsiniz?
Bildirişlər
1. Təbliğ prosesində cüzi məsələlərdən başlanılmalı, sonradan külli məsələlərə keçilməlidir. Əvvəlcə nümunələri bəyan edin, sonra ümumi nəticə çıxarın. Yalnız on beş ayədə Allahın nemətləri yada salındıqdan sonra Onun misilsiz Yaradan olması önə çəkilir.
2. Təbliğ zamanı qarşı tərəfin vicdanını mühakiməyə çəkin, ağıl və fitrətini oyadın.
3. Ağıl və vəhy bir-birinə uyğundur. Quran nə bəyan edirsə, ağıl onu bəyan edir.
4. Yaranış başa çatmamışdır, davam etməkdədir.
5. Bütün insanların daxilində allahşünaslıq və allahpərəstlik var. Bu meylləri oyatmaq üçün yalnız xatırlatmaq lazımdır.