NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Allahın nemətlərini saymaq istəsəniz saya bilməzsiniz. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
"İbrahim” surəsinin 33-cü ayəsi də bu ayənin oxşarıdır. Amma bu ayənin sonu "Həqiqətən, Allah bağışlayan və mehribandır” cümləsi ilə bitirsə, nəzərə çatdırılan ayə "Həqiqətən, insan zalım və nankordur” cümləsi ilə başa çatır. Bəli, nemət Allahın lütf və rəhmət nişanəsidir. Amma insan nankorluq göstərir, özünə və cəmiyyətə zülm edir.
Allahın nemətlərini sayıb qurtarmaq mümkünsüz olsa da, bu nemətləri xatırlamaq lazımdır. "Zuha” surəsinin 11-ci ayəsində buyurulur: "Rəbbinin sənə olan nemətlərindən danış.” Nemətlərin xatırlanması "Əminullah” ziyarətnaməsində də qeyd olunur.
Əgər insan ilahi nemətləri saymaqda gücsüzdürsə, təbii ki, bu nemətlərin şükrünü yerinə yetirməkdə daha çox acizdir.
Əlindən, dilindən gələn qədəri
Şükr qıl, düşünmə yoxdur əsəri.
Bəndə təqsirini ərz etsə Haqqa,
Əlbət ki, mərhəmət gələr sorağa.
Şübhəsiz, Allaha layiqli qədər,
Şükr üçün kimsədə tapılmaz təpər.
Bildirişlər
1. İlahi nemətləri sayıb qurtarmaq olmaz.
2. Bildiyinizə görə şükür edin, bilmədiyinizə görə Allah keçər.