NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Müşriklər dedilər: "Əgər Allah istəsəydi nə biz, nə də bizim atalarımız Ondan qeyrisinə pərəstiş etməz, Onun hökmü olmadan heç nəyi haram saymazdıq.” Onlardan əvvəlkilər də belə rəftar edirdilər. Məgər peyğəmbərlərin aşkar bəyandan savay nə vəzifəsi var?!”
Nöqtələr
"Cəbr” ("məcburiyyət”) məsələsi müşriklər tərəfindən uydurulmuş bir məsələ idi. Onlar deyirdilər ki, Allah istəsəydi, biz Ondan qeyrisinə pərəstiş etməz, müşrik olmazdıq. Bu nöqtələr "Ənam” surəsinin 148-ci, "Zuxruf” surəsinin 10-cu ayəsində də qeyd olunmuşdur.
Sual: Xalqın azğınlığının qarşısının alınmaması Allahın razılıq nişanəsi deyilmi?
Cavab: Xeyr! Çünki Allah xalqın hidayəti üçün vasitələr müəyyənləşdirmiş, peyğəmbərlər və kitablar göndərmişdir. Təbii ki, azğınlıq istəyən belə etməzdi. Amma kimsə iman gətirməyə də məcbur edilməmişdir. Çünki məcburi iman dəyərsizdir.
Bildirişlər
1. Küfr və şirkdən də təhlükəlisi bu iki şeyə don geyindirib, onları Allaha aid etməkdir.
2. Müşriklər arasında da "cəbrilik” ("məcburiyyət”) əqidəsi olmuşdur.
3. Azğınlar özlərindən əlavə, ata-babalarının da işinə don geyindirirlər.
4. Bir çox insanlar ağına-bozuna baxmadan ata-babalarının əqidəsini qəbul edirlər.
5. Haram şeyləri halal etməyə icazə verilmədiyi kimi, halal şeyləri də haram etmək caiz deyil.
6. Azğınlar tarix boyu pis işlərini yaxşıya yozmaqla, don geyindirməklə məşğul olmuşlar.
7. Təbliğ yetərli və aydın olmalıdır.
8. Peyğəmbərlərin vəzifəsi xalqı məcburi şəkildə imana yönəltmək yox, dəvət və təbliğdir.