NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 43
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Biz səndən öncə də yalnız vəhy etdiyimiz (mələk və ya digər mövcud yox) kişilər göndərdik. (Onlar sənin gəlişinə təəccüb edirlər. Onlara de ki,) əgər (öyrənə) bilmirsinizsə, zikr əhlindən soruşun.”
Nöqtələr
Bu ayə bəşər düşüncəsinin qəbul etdiyi ümumi bir prinsipi bəyan edir. Bu prinsip alim və mütəxəssislərə müraciətdir. Yəni nəyi bilmirsinizsə, həmin işin mütəxəssislərindən soruşun. Əlbəttə ki, dini məsələlərdə "zikr əhlinin” ən bariz nümunəsi Peyğəmbər (s) Əhli-beytidir. Bu məzmunda şiə və sünni rəvayətləri çoxdur.
Təbəri, İbn-Kəsir və Alusi də öz təfsirlərində zikr əhlinin Peyğəmbər (s) Əhli-beytinə işarə olduğunu bildirirlər.
"Bihar” kitabının 23-cü cildində 172-ci səhifəsindən başlayaraq 60-a yaxın rəvayətdə bu barədə danışılır. Məsum imamlar buyururlar: "And olsun Allaha, «Əhli-zikr» bizik və xalq öz suallarını bizdən soruşmalıdır.”
Bildirişlər
1. Bütün ilahi peyğəmbərlər mələk yox, insan cinsindən olmuşlar.
2. Bütün peyğəmbərlər yetkin və şücaətli kişilər olmuşlar. (Baxmayaraq ki, bəziləri, məsələn İsa və Yəhya uşaq yaşında peyğəmbərliyə çatmışlar.)
3. İlahi vəhyin bir insana nazil olması təəccüblü deyil. Bu, bəşərin hidayəti üçün nəzərdə tutulmuş ilahi sünnədir.
4. Cəhalət olan yerdə soruşub öyrənmək vəzifədir.
5. Dini məsələləri dinlə səthi tanışlığı olanlardan yox, din bilicilərindən soruşmaq lazımdır.
6. İnsanın bildiyi şeyi soruşmasının mənası yoxdur. Yalnız fikrini dəyişmək istəyən şəxs belə edə bilər.
7. Əgər zikr əhlindən soruşmaq zəruridirsə, cavabı da qəbul etmək zəruridir. Əks təqdirdə sual vermək mənasızdır.
8. Müstəqil öyrənə bilmədiyimiz şeyi soruşaq. Axtarış aparmadan sual vermək düzgün deyil. Ayədə deyilmir ki, bilmədiyinizi soruşun, deyilir ki, öyrənə bilmədiyinizi soruşun.