NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 77
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Göylərin və yerin qeybi Allaha məxsusdur. Qiyamət bir göz qırpımında, ya daha tez bərpa olar. Əlbəttə, Allah hər şeyə qadirdir.”
Nöqtələr
"Qeyb” sözü nisbi məna daşıyır. Bir insan üçün qeybi (gizli) olan bir iş başqa biri üçün aşkar ola bilər.
"Əmrus-saəti” dedikdə qiyamət hadisəsi nəzərdə tutulur. Bu, qeybin mühüm nümunələrindəndir. Qiyamət vaxtının bilinməməsi Allahın lütflərindəndir.
Bu ayə müşriklərin bənzətmələrinə cavab ola bilər. Əgər göydə və yerdə yaranış və tədbirə şərik olsaydı, hər şeyi bilən Allah bundan xəbərdar olardı.
Ölümdən sonra insanın cismi parçalanır və gözdən itir. Allah qeybi bildiyindən bu cismi yenidən bərpa edir.
Bildirişlər
1. Allah nəinki qeybi bilir, hətta onun sahibidir.
2. Allah üçün heç bir iş çətin deyil, hətta qiyamətin bərpası!
3. Hər bir işin batini qiyamətdə aşkar olur.
4. Allah hər şeyi bildiyindən və hər şeyə qadir olduğundan qiyamətin bərpası mümkün sayılmalıdır.
5. Dünya ilə qürrələnməyək, Qiyamət uzaqda deyil və özümüzü hazırlamalıyıq.
6. Allah istənilən bir işin müqəddiməsini ləğv edə, xülasələşdirə və sürətləndirə bilər. (Müqəddimənin ləğvinə həzrət İsanın beşikdə danışması, müqəddimənin sürətləndirilməsinə Bilqeysin taxtının həzrət Süleymanın yanına gətirilməsi nümunə göstərilə bilər).