NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 79
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Səmada ram edilmiş (saxlanılmış halda qalan) quşları görmürlərmi? Onları yalnız Allah saxlayır. Əlbəttə, bunda (bu uçuşda) iman gətirənlər üçün aydın nişanələr var.”
Nöqtələr
Qeyd olunduğu kimi, bu surə nemətlərlə tanışlıq və Xaliqə diqqət mövzusundadır. Surənin bu yerinədək yağış suyu, heyvanların südü, meyvələr, bal, həyat yoldaşı və övlad kimi nemətlərin adı çəkildi. Bu və bundan sonrakı ayədə quşlardan, dördayaqlıların dərisindən, yunundan, eləcə də, dağlardan danışılır.
Quşlar bəzən tənha, bəzən dəstə ilə, bəzən nizamlı, bəzən nizamsız, bəzən canını qurtarmaq üçün, bəzən qida tapmaq məqsədi ilə pərvaz edirlər. Hər bir quş öz çəkisinə uyğun qanadla hərəkət edir. Bütün bu nöqtələr ağıllı insanın diqqətini Allaha yönəltməlidir.
Bildirişlər
1. Allah bizim yaradılmışlar haqqında düşünməyimizi istəyir və diqqətsiz insanlar tənqid olunur.
2. Quşlar istənilən halda, istənilən yerdə Allaha tabedir.
3. Səmada hərəkət üçün imkanlar əldə etməsi insanın diqqətini Allahdan yayındırmamalıdır. (Bir dəfə təyyarə ilə uçarkən bələdçi salona daxil olub təyyarənin nə vaxt yerə enəcəyini bildirdi. Soruşdum ki, nə üçün inşallah demirsən? Dedi ki, təyyarənin kompyuter sistemi var və bu sistem hər şeyi dəqiq göstərir. Bu şəxs unudurdu ki, dünyanın ayrı-ayrı nöqtələrində qəzaya uğrayan təyyarələrin də kompyuter sistemi var idi!)
4. Quşların uçuşunda bir çox qəribəliklər var. Amma bu nöqtələri yalnız iman əhli dərk edir.