Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 89-cu Ayə

Surə 16
Ayə 89

Azərbaycan dilində tərcümə

(yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik. Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu kitabı sənə nazil etdik.
Ən-Nəhl surəsi , 89-cu ayə
Ən-Nəhl surəsi 89-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 89-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 89

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Xatırla) o gün ki, hər ümmət arasında onlara özlərindən olan şahid gətirərik və səni də onlara şahid tutarıq. Sənə hər şeyi aydınladan, müsəlmanlar üçün hidayət, rəhmət və müjdə səbəbi olan bu Kitabı nazil etdik.”
Nöqtələr
Ötən 5 ayədə də ümmətə şahidlik məsələsinə toxunuldu. Qiyamətdə hər bir ümmətə şahid olması bizim qəti əqidələrimizdəndir. İslam Peyğəmbəri (s) bu və digər ümmətlərə şahiddir. Belə bir nöqtəyə diqqət yetirmək lazımdır ki, Allahın övliyaları hər növ xəta və yalanlardan məsum olmalı, hiss, görmək və bilməklə şəhadət verməlidirlər. Yalnız bu halda onların verdiyi şəhadət höccətin tamamlanması sayılır. Şübhəsiz ki, xalqın aşkar və gizli əməllərindən xəbərdar olan kəsin dediyi sözlər qiyamətdə qəbul olunasıdır. Belə bir şəhadəti isə yalnız qeybi yardımlardan faydalanaraq xalqın bütün hərəkət, danışıq və niyyətlərindən xəbərdar olan məsum Peyğəmbər (s) və imamlar verə bilər.
"Təfsiri-Safi”də nəql olunur ki, imam Sadiq (ə) buyurmuşdur: Biz göylərdə və yerdə, onların arasında, behişt və cəhənnəmdə nə varsa, hamısını bilirik.” Sonra imam bu üç ayəni ardıcıl şəkildə tilavət etdi.
İmam Baqir (ə) buyurur: "Quranda xalqın ehtiyac duyduğu hər şey var. Dediklərimizin istənilən birinin Qurandakı sənədini istəsəniz deyəcəyəm.”
Həzrət Əli (ə) buyurur: "Sizin, keçmişdəkilərin və gələcəkdəkilərin, göyün və yerin xəbərləri Quranda vardır.”
İmam Riza (ə) bir məclisdə din rəislərinə buyurdu: "İslam Peyğəmbərinin (s) möcüzələrindən biri budur ki, yoxsul bir yetimin, dərs oxumamış bir çobanın hər şeyi aydınladan, Qiyamətədək keçmiş və gələcəyin xəbərlərini əks etdirən bir kitabı var.”
İmam Sadiq (ə) buyurur: "İki nəfər arasında ixtilafa səbəb olmuş hər bir məsələnin həlli üçün xalqın ağlı kəsməsə belə, Quranda əsas var.”
Quranda hər şey bəyan olunub. Amma bunu hamı dərk etmir. Həzrət Əli (ə) buyurur: "Quran avamlar üçün zahiri ifadələrdən, xüsusi bəndələr üçün rəmzi işarələrdən, Allahın övliyaları üçün ilahi lütfdən, peyğəmbərlər üçün həqiqətdən ibarətdir.”
Quran ya birbaşa, ya da ayələri vasitəsi ilə hər şeyi aydınladır. Həmin ayələrdə bizim üçün faydalı üsullar bəyan olunur: "Peyğəmbərlərin sizin üçün gətirdiyindən yapışın, sizə qadağan etdiyindən uzaq olun.” Hazırkı surənin 44-cü ayəsi də bu qəbildəndir.
Bildirişlər
1. Övliyaların bizim əməllərimizə nəzarəti Quranın aşkar bəyanatlarındandır.
2. Qiyamətdə şahidliyin mərtəbələri var. İmam bütün ümmət üçün şahiddir. İslam Peyğəmbəri (s) isə bütün şahidlərin şahididir.
3. Həm İslam Peyğəmbəri (s) bütün peyğəmbərlərin şahididir, həm də onun kitabı hər şeyi bəyan edir.
4. Quran cəmiyyətin bütün ehtiyaclarını ən yığcam şəkildə bəyan edən kitabdır.
5. Hidayət, rəhmət və müjdə əldə etmək üçün təslimçilik şərtdir.