Əsas məzmuna keç

Ən-Nisa surəsi - 11-cü Ayə

Surə 4
Ayə 11

Azərbaycan dilində tərcümə

Allah sizə övladlarınız(ın mirası) barəsində oğlanın payının iki qızın payı qədər olmasını tövsiyə edir.Beləliklə, əgər (varislərin hamısı) qadın - (iki qız və ya) iki qızdan çox - olsalar (ilkin hökmə əsasən, ölənin) mirasın(ın) üçdə ikisi onlarındır (və əgər ölənin ata-anası yoxdursa qalan hissə də onlara çatır). Əgər (varis təkcə) bir qız olsa, mirasın yarısı onundur (və əgər ölənin ata-anası yoxdursa, qalan hissə də ona verilir). Əgər ölənin övladı varsa, onun ata və anasının hər birinə mirasın altıda biri verilir.Əgər övladı yoxdursa və varis yalnız ata ilə anadırsa, onda (malın) üçdə biri ananın (qalan hissəsi atanın)dır.Əgər ölənin qardaşları varsa, malın altıda biri anasınındır.(Bütün bunlar) onun etdiyi vəsiyyətdən və ya (boynunda olan) borc(un maldan ayrılmasın)dan sonradır. Siz atalarınız və oğullarınızdan hansı birinin sizin üçün daha xeyirli olmasını bilmirsiniz.(Buna görə də irs çatan şəxslərin payları arasındakı fərqlərdən təəccüblənməyin və ona etiraz etməyin. Bu bölgü üslubu) Allah tərəfindən olan bir vacibdir. Həqiqətən Allah həmişə alim və hikmət sahibidir.
Ən-Nisa surəsi , 11-cü ayə
Ən-Nisa surəsi 11-cü ayə
Tam Surə

Ən-Nisa surəsi 11-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 11

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah (irs məsələsində) övladlarınız haqqında sizə sifariş edir. Oğul üçün iki qızın payı var. Əgər varislər qadın cinsindən və iki nəfərdən artıq olsalar, mirasın üçdə biri onların payıdır. Əgər bir nəfər olsa, mirasın yarısı onundur. Əgər ölənin övladı olmuş olsa, ata-ananın hər biri üçün altıda bir irs var. Amma övladı olmasa və varisi yalnız ata-ana olsa, ana üçün üçdə biridir (və ata qalanını götürür). Əgər ölənin qardaşları olmuş olsa, anası altıda bir pay alır. (Əlbəttə, irsin bölünməsi) vəsiyyət edildikdən və onun borcları ödəndikdən sonra olur. Siz bilmirsiniz ki, atalarınız və oğlanlarınızın hansı sizin üçün daha faydalıdır. Bu hökm Allah tərəfindən vacib olmuşdur. Həqiqətən, Allah bilən və hikmət sahibidir.”
Nöqtələr
Qadın irsdən kişiyə nisbətən yarı pay alsa da, əslində kişidən iki qat artıq bəhrələnir. Fərz edin ki, otuz hissədən ibarət olan irsdən on hissəsi qadına, iyirmi hissəsi isə kişiyə düşmüşdür. Amma qadın hansısa öhdəlik götürmədiyindən öz payını toxunulmamış vəziyyətdə saxlayır və öz həyat ehtiyacını kişinin payından təmin edir. Deməli, irs bölgüsündə kişidən az pay götürən qadın öz payını ehtiyata saxlayıb, kişinin payından istifadə edir.
İmam Cavaddan (ə) nəql olunmuş bir hədisdə deyilir: Qadının öhdəsində heç bir fərdi və ictimai maddi öhdəçilik yoxdur. İzdivac zamanı qadın mehriyyə aldığı, kişi mehriyyə ödədiyi halda, qadının izdivacdan sonrakı xərclərini də kişi ödəməlidir. Qadın heç bir maddi məsuliyyət daşımadan irs alır və aldığını ehtiyata saxlayır. Onun ehtiyacları isə kişiyə düşmüş paydan ödənir.("Təfsire-Nurus-səqəleyn”. )
Tövratda da irs hökmləri bəyan olunmuşdur.(Tövrat, "Sifre-Ədad”, b 27, a. 8-11. ) İncildə isə həzrət İsanın belə dediyi bəyan olunur: "Mən Tövratın hökmlərini dəyişməyə gəlməmişəm.”
Cahil ərəblər qadınları və uşaqları irsdən məhrum edirdilər. İslam isə övlad və qadına onların ehtiyacı qədərində irs payı ayırır.
Övlada irs çatması bir çox fəaliyyətlərə səbəb olur. Var-dövlətinin övladına çatmayacağını bilən insan bir o qədər də çalışmaz. Fransada varislik qanunu ləğv olunduqdan sonra bir çox iqtisadi fəaliyyət sahələrində tənəzzül müşahidə olundu.
Dünyasını dəyişmiş şəxsin var-dövlətindən onun övladlarına ata-anasından çox pay düşməsinin səbəbi bu ola bilər ki, insanın qoca yaşlarında ehtiyacı az olur. Əgər ölənin qardaşı yoxdursa, ananın payı üçdə bir, əgər qardaşı varsa, ananın payı altıda bir olur. Qalan hissə isə ata üçündür. Atanın daha çox irs payı almasının səbəbi bu ola bilər ki, ölənin qardaşlarının xərci də, adətən, atanın öhdəsinə düşür.
İmam Sadiq (ə) buyurmuşdur: "Ölənin borclarını ödəmək onun vəsiyyətini yerinə yetirməkdən öndə gəlir.("Təfsire-Nurus-səqəleyn”.)Şəriətə zidd vəsiyyətə əməl edilməməlidir.("Bihar” , c. 100, səh. 201; "Təfsire-Qummi”, c. 1, səh. 65. )
Bir şəxs qızı olduğu üçün narahatlıq keçirirdi. İmam Sadiq (ə) həmin şəxs üçün ayənin bir hissəsini oxudu: «Siz ata və oğullarınızdan hansının daha xeyirli olduğunu bilmirsiniz.»("Təfsire-Nurus-səqəleyn”. )
Bildirişlər
1. İslam fitrət ayini, dinidir. Övladın vücudu valideynin vücudunun davamı olduğundan və valideynin cismi və ruhi xüsusiyyətləri övlada ötürüldüyündən onun var-dövləti də övlada çatmalıdır.
2. Vəsiyyət insanın öz haqqı olduğundan varislərin hüququndan öndə gəlir.
3. Xalqın haqqı varislərin və qohumların haqqından öndə gəlir.
4. İrs alası insanlar üçün fərqli paylar müəyyənləşdirilməsinin hikmətləri var. Ümumiyyətlə, bir çox işlərin hikməti qaranlıqdır. İrs hökmündə ilk öncə bəşəriyyətin gerçək faydası nəzərdə tutulmuşdur. İnsan bu məsələyə diqqətsiz də ola bilər.
5. Qanunun təsbit olunması üçün elm və hikmət iki mühüm şərtdir. İrs hökmləri ilahi elm və ilahi hikmətə əsaslanır.