Əsas məzmuna keç

Ən-Nisa surəsi - 12-cü Ayə

Surə 4
Ayə 12

Azərbaycan dilində tərcümə

Əgər arvadlarınızın (sizdən, yaxud başqa bir ərdən) uşağı yoxdursa etdikləri vəsiyyət və ya (boyunlarında olan) borc(un həmin maldan ayrılmasın)dan sonra onların mirasının yarısı sizindir, əgər uşaqları olsa onların mirasının dörddə biri sizindir. Həmçinin əgər sizin (ondan və ya qeyrisindən) övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya (öhdənizdə olan) borc(un ayrılmasın)dan sonra sizin mirasınızın dörddə biri onundur və əgər övladınız varsa, mirasınızın səkkizdə biri onundır. Əgər irsi bölünən kişi və ya qadının ata, ana və övladı olmasa və onun (ana tərəfdən) bir qardaşı, yaxud (ana tərəfdən) bir bacısı olmuş olsa, o ikisinin hər birinə mirasın altıda biri çatır (və əgər babaları olmasa qalan hissəsi də onlara verilir). Əgər bir nəfərdən çox olsalar (qardaş yaxud bacı və ya hər ikisi olsa), varislərə ziyan vurmaq qəsdi olmayan vəsiyyətdən, yaxud (ölənin boynunda olan) borc(un ayrılmasın)dan sonra onlar malın üçdə birində (bərabər şəkildə) şərikdirlər. (Bu,) Allah tərəfindən olan bir tapşırıqdır. Allah alim və həlimdir.
Ən-Nisa surəsi , 12-cü ayə
Ən-Nisa surəsi 12-cü ayə
Tam Surə

Ən-Nisa surəsi 12-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 12

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Arvadlarınızdan qalan irsin, əgər onların övladları olmasa, yarısı sizindir. Əgər övladları olarsa, onlardan qalan irsin dörddə biri sizə çatır. Əlbəttə ki, vəsiyyətlərinə əməl olunduqdan və borcları ödəndikdən sonra! (Ər öldükdə isə) ondan qalanın dörddə biri arvadlarının payıdır. Əlbəttə ki, övladı olmasa! Əgər övladı olsa, arvadlarının payı səkkizdə bir olur. (Bu bölgü) vəsiyyətə əməl olunduqdan və ya borc ödəndikdən sonra aparılır. Amma irs qoymuş şəxs valideyni və ya övladı olmayan kişi və ya qadın olsa, əgər qardaş-bacısı varsa, onlardan hər birinə altıda bir irs düşür. Əgər onlar (bacı və qardaş birdən artıq olsa, onlar hamısı irsin üçdə birinə bərabər şərikdirlər. Əlbəttə ki, vəsiyyətə əməl olunduqdan və ölünün borcları qaytarıldıqdan sonra! Vəsiyyət varisə zərər olmamalıdır. Bu tapşırıq Allah tərəfindəndir. Allah biləndir və həlimdir.”
Nöqtələr
Ötən ayədə övladların və valideynlərin irsi haqqında danışıldı. Bu ayədə isə arvadın, ərin, qardaşın və bacının irsi haqqında məlumat verildi. Əlbəttə ki, irs hökmləri rəvayətlərin köməyi ilə icra olunmalıdır. Çünki, irs məsələsinin xırdalıqları Quran ayələrində açıqlanmamışdır.
"Kəlalə” sözü Quranda iki dəfə işlədilmişdir. Həmin sözlə "Nisa” surəsinin hazırkı və sonuncu ayələrində rastlaşırıq. Bu sözün lüğət mənası "əhatə” deməkdir. Burada insan və onun övladını əhatə edən qohumlar nəzərdə tutulur. "Əklil” isə insanın başını əhatə edən tacdır. "Küll” bütün digər ədədləri əhatə edən ədəddir. Bu söz irs mövzusunda iki məna daşıyır:
1. Ölənin bu ayədə haqqında danışılan (anadan) qardaş və bacıları.
2. Son ayədə nəzərdə tutulan ölənin atadan və anadan və ya atadan olan bacı-qardaşları.
Ölünün borclarının ödənməsi onun vəsiyyətinə əməl olunmasından öndə gəlsə də, vəsiyyəti yerinə yetirmək çətin olduğundan Allah bu ayədə əvvəlcə vəsiyyətə əməl edilməsini, sonra borcların ödənməsini tapşırır.("Təfsire-Safi”.  )
Hədisdə deyilir: "Malın üçdə birini vəsiyyət etmək çoxdur. Çalışın ki, varisləriniz daha çox bəhrələnsin. Belə olsa, hamı ehtiyacsız olar. Vəsiyyətdə zərər vurmaq kəbirə günahdır. Varislərin zərərinə tamamlanacaq vəsiyyətə əməl etmək lüzumsuzdur.("Təfsire-Kəbire-Fəxr Razi”. )
Əgər bir kişinin bir neçə arvadı olarsa, irsin səkkizdən və ya dörddən biri onların arasında bərabər bölünür.
Ölənin borcları da ilahi borclardan sayılır. Həcc, xüms, zəkat, kəffarə borcu necədirsə, adi borc da elədir.("Təfsire-Kəbire-Fəxr Razi”. )
Bildirişlər
1. Xalqın borcunu qaytarmaq o qədər mühümdür ki, bu iki ayədə dörd dəfə həmin məsələyə toxunulmuşdur.
2. Başqa həyat yoldaşından qalan övlad da ər və arvadın hər birinin payını yarı azaldır. Bu yolla övladlar da öləndən pay alır. Övladın qız və ya oğlan olmasının fərqi yoxdur.
3. İnsan öz vəsiyyətində varislərin halını nəzərə almalıdır ki, onlara zərər toxunmasın.
4. İslam nəinki həyat dövründə, hətta ölümdən sonra da insanın kimsəyə zərər vurmasına yol vermir.
5. İrsin ilahi şəkildə bölünməsi həm elmi əsasa malikdir və həm də əgər bu işdə xilafa yol verilsə, Allah həlimdir və tələsmir.