NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 128
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər qadın ərinin pis rəftarından və ya üz döndərməsindən qorxsa, bir yolla sülhə gəlmələri o iki nəfər üçün qorxulu deyil. (Hətta bəzi haqlara göz yumulsa da,) sülh üstündür. Amma xəsislik və dar baxış nəfslərdə hazırdır (sülhə mane olur). Əgər yaxşılıq etsəniz, təqvalı olsanız, bilin ki, həqiqətən, Allah etdiyiniz işdən agahdır.”
Nöqtələr
"Nüşuz” sözü "nəşz” yəni "uca yer” kökündəndir və tüğyan mənasını daşıyır. 34-cü ayədə qadının tüğyanından danışılırdısa, bu ayədə kişinin tüğyanına işarə olur.
Qadın haqqında işlədilən "şuhh” sözü qadının yaxşı geyim və bəzəyi tərk etməsidir. Bu söz kişiyə münasibətdə mehriyyənin, nəfəqənin ödənilməməsini və soyuqluğu bildirir.
Rafe ibn Xədicin iki arvadı vardı. Onlardan biri yaşlı, digəri cavan idi. Rafe ixtilaflar səbəbindən yaşlı arvadını boşadı. İddəsi tamam olduqdan sonra ona dedi: "Səni bir şərtlə qəbul edib barışaram ki, gənc arvadımı irəli bilməyimə səbir edəsən. Belə olmasa, iddə müddəti tamam olduqdan sonra bir-birimizdən ayrılırıq.” Qadın barışıq təklifini qəbul etdi. Sonra bu ayə nazil oldu.
İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurmuşdur: "Bu ayə arvadından ləzzət almayan, onu boşamaq istəyən kəsə aiddir. Bu qadın deyir: "Məni boşama, əgər istəyirsənsə, başqa bir arvad al, məni də saxla.”("Kafi”, c. 6, s. 145; "Vəsail”, c. 21, s. 351. )
Bildirişlər
1. İş baş verməmiş əlac etmək lazımdır. Ailədə qarşıdurma boşanmaya çatmamış bir çarə düşünmək zəruridir.
2. Daha üstün məsləhətlə ailəni qorumaq üçün haqdan keçməyin eybi yoxdur.
3. Ailə məsələlərində ilk mərhələ ərlə arvad arasında islahdır. Bu işdə başqalarının müdaxiləsinə yol verilmir. Əgər ərlə arvad razılaşmırsa, başqaları müdaxilə etsin.
4. Ər-arvadın bir-birindən bəhrələnməsi keçiləsi haqdır. Hökm olunmayıb ki, bu işdə dəyişiklik olmasın.
5. Ailə haqqı ərlə arvadın ayrı-ayrılıqda şəxsi haqqından çoxdur. Ailəni qorumaq üçün şəxsi haqdan keçmək lazımdır.
6. Sülh həmişə mal ödəməklə əldə edilmir. Bəzən barışıq üçün haqdan keçmək lazım gəlir. Xəsislik bu işə mane olur.
7. Bir çox ailələrin sarsılmasının rəmzi dar baxış, xəsislik və insanı bürümüş hərislikdir.
8. Kişinin öz cinsi meylini boğub iki arvad arasında ədalətə riayət etməsi təqva və ehsan nümunəsidir.
9. İslamın hüquq nizamı onun əxlaqi nizamından ayrı deyil.
10. İstər haqdan keçmək, istərsə də zövcəyə yaxşılıq Allahın hüzurunda olan işlərdir.
11. Həvəsbaz kişi ləzzət almaq məqsədi ilə əvvəlki arvadını sıxıntıya salsa, ona bir məsələni məcbur surətdə qəbul etdirmək istəsə, bilsin ki, Allah onun əməlindən agahdır.