NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 38
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, mallarını riya və özlərini xalqa göstərmək üçün infaq edirlər. Onlar Allaha və qiyamət gününə inanmırlar. Hər kəsin həmdəmi şeytan olsa, necə də pis həmdəmdir!”
Nöqtələr
Şeytan bəzən insana uzaqdan nə isə təlqin edir, bəzən isə yaxından həmdəm olur. Möminlər şeytanın vəsvəsə və təlqinlərindən qaçırlar. "Zuxruf” surəsinin 36-cı ayəsində oxuyuruq: "Allah zikrindən üz döndərənə bir şeytan göndərərik ki, onun daimi yoldaşı olsun.”
Bildirişlər
1. Həm xəsislik və infaqın tərki pisdir, həm riyakarlıqla edilən infaq. Əvvəlki ayədə xəsislik məzəmmət edildi. Bu ayədə isə riyakarcasına verilən bəxşişlər qınanır.
2. Allah və Qiyamətə gerçək imanın olmaması riya səbəbidir.
3. İnfaq etməkdə məqsəd təkcə acları doyurmaq deyil. Çünki riyakarcasına edilən infaq da acları doyurur. İnfaqda bir məqsəd də infaq edəni mənəvi cəhətdən yetkinləşdirməkdir.
4. Allah riyakarları sevmir.
5. Allah eşqi olmayan qəlb şeytanın həmişəlik yeridir.