NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 43
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Məst halda namaza yaxınlaşmayın, o vaxta qədər ki, dediyinizi biləsiniz. Eləcə də, cünub halda (zəruri qüslü verməmiş) namaza yaxınlaşmayın. Qüsl edənədək yalnız (məsciddə dayanmadan) ötüb keçə bilərsiniz. Əgər xəstələnsəniz və ya səfərdə olsanız, ya da biriniz dərədən (ayaq yolundan) gəlsəniz, ya qadınlarla təmasda olsanız, (bu hallarda) su tapmasanız pak və xoşagələn yerə (torpağa) təyəmmüm edin. (İki ovcunuzu torpağa vurun), üzünüzə və əllərinizə məsh çəkin. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Şərabın haram buyurulması İslamın əvvəllərində tədrici şəkildə həyata keçdi. Əvvəlcə şərab xoşagəlməz içki kimi tanıtdırıldı.("Nəhl”, 67. ) Sonra ayə nazil oldu və məst halda namaz qılmaq qadağan edildi.("Təfsire-Əyyaşi”, c. 1, səh. 242. ) Həmin vaxt şərabın ziyanının faydasından çox olduğu bildirildi.("Bəqərə”, 219. ) Daha sonra şərab çirkin və şeytani bir iş kimi qəti qadağan edildi.("Maidə”. 90. )
Rəvayətlərdə bildirilir ki, yuxulu, süst halda olarkən namazdan çəkinin.("Kafi”, c. 3, səh. 371. ) Digər ayələrdə süst halda qılınan namaz münafiqlik nişanələrindən sayılmışdır.("Nisa”, 142; "Tövbə”, 54. )
"Ğait” çökək yerə deyilir. Qədimdə ayaqyolu kimi istifadə üçün dərələr qazıldığından "ğait” sözü ayaqyoluna getmək mənasında işlədilmişdir.
İmam Sadiq (ə) buyurmuşdur: "Səid” suyun axıb töküldüyü hündür yerə deyilir.”("Bihar” , c. 76, səh. 347. )
İmam Sadiq (ə) buyurmuşdur: "Laməstum” yaxınlıq mənasındadır. Amma Allah örtəndir və bu sayaq sözləri örtülü buyurmağı sevir.”("Vəsail”, c. 20, səh. 133.)
Bildirişlər
1. Namaz məqamı o qədər ucadır ki, şərabxor ona yaxınlaşmamalıdır.
2. Namazda təkcə zikr və hərəkətlər kifayət deyil. Həm də diqqət və düşüncə lazımdır.
3. Vəzifə öhdədən götürülsə də, qəflət içində olan ibadət dəyərsizdir.
4. Məscidə cünub halda daxil olmaq olmaz.
5. Qüsldə bütün bədəni yumaq lazımdır. Çünki ayədə qüsl zamanı xüsusi üzvlərin adı çəkilməmişdir.
6. Təhlükə və zərər ehtimalı insanın öhdəsindən vəzifəni götürür. Bəzən də belə bir ehtimal vəzifənin yüngülləşməsinə səbəb olur.
7. Danışarkən ədəbi gözləmək lazımdır. (Dərədən qayıtmaq ayaqyoluna getmək, qadınlarla təmasda olmaq isə onlarla cinsi yaxınlıq mənasındadır. Şübhəsiz ki, qadına toxunmaqla qüsl vacib olmaz.)("Təhzibul-əhkam”, c. 1, səh. 22. )
8. İlahi hökm yüngülləşdirilə bilər, aradan götürülə bilməz. Əgər su yoxdursa, təyəmmüm etmək lazımdır.
9. Namaz vasitəsi ilə Allahla rabitə yaratmaq üçün paklıq, dəstəmaz və ya təyəmmüm şərtdir.
10. Təyəmmüm pak torpağa edilməlidir.
11. İlahi hökmlərin yüngülləşdirilməsi Allahın rəhmət və bağışlama təcəssümlərindəndir.