"biz" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "biz" üzrə 1198 ayə tapıldı.
Odur ki, kim Allaha yalan nisbət verəndən, yaxud Onun ayə və nişanələrini təkzib edəndən daha zalımdır?! Allah tərəfindən (ömür, ruzi və övlad kimi) yazılmış və qərara alınmış payları (dünyada) onlara çatacaq. Nəhayət elçilərimiz (can alan məmurlarımız) canlarını almaq üçün onların yanlarına gələn zaman «haradadır Allahın yerinə çağırdıqlarınız?» deyəcəklər. Onlar, «hamısı bizim gözümüzdən itdilər» deyəcək və öz ziyanlarına şəhadət verəcəklər ki, kafir olublar.
(Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və ins(an) ümmətləri içərisində oda daxil olun». Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər. Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: «Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat Cəhənnəm əzabı ver». Allah buyuracaq: «Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz».
Rəhbərlər öz tabeçilərinə «sizin bizdən heç bir üstünlüyünüz yoxdur (ki, əzabın azaldılmasına səbəb olsun), buna görə də əldə etdiklərinizin cəzası olaraq dadın Allahın əzabını» deyəcəklər.
Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk.
Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) yataq və başları üstündən (elə həmin oddan) örtüklər vardır. Biz zalımları belə cəzalandırırıq.
İman gətirib yaxşı işlər görənlər – (və əlbəttə) Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq – Cənnət əhlidirlər ki, orada əbədi qalacaqlar.
Biz onların sinələrində olan kin-küdurət və düşmənçiliyin hamısını çəkib çıxararıq. Onların (ayaqlarının) altından çaylar axır. Və onlar deyərlər: «Həmd və şükr Bizi bu (gözəl yerə) hidayət etmiş Allaha məxsusdur və əgər Allah bizim bələdçimiz olmasaydı, biz doğru yolu əsla tapmazdıq. Doğrudan da Rəbbimizin peyğəmbərləri haqq və doğruluqla (bu məqsədlə) gəldilər.» Və onlara nida olunacaq ki: «Bu Cənnət (dünyada) etdiklərinizin mükafatı olaraq sizə verildi və (kafirlərin payı olan və onların əmməllərini düzəldəcəkləri təqdirdə bəhrələnmələri üçün nəzərdə tutulmuş) o Cənnət (də) əməllərinizə görə irs olaraq sizə çatdı (onların küfrləri ölüm hökmündədir və payları sizə düşdü)».
Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: «Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?». (Cəhənnəmdəkilər) deyəcəklər: «Bəli!» Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: «Allahın lənəti olsun zalımlara!»
Gözləri Cəhənnəm əhlinə tərəf dönən zaman (isə) deyərlər: «Ey Rəbbimiz, bizi zalım qövmlə birgə etmə».
Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün». Deyəcəklər: «Həqiqətən Allah bu ikisini kafirlərə haram etmişdir.»
O kəslərə ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Beləliklə, onlar bu günki görüşlərini yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları yaddan çıxaracağıq.
Həqiqətən Biz onlara (geniş) elm əsasında ətraflı izah etdiyimiz (kəlmələrini ayə və surələrə, möhkəm və mütəşabihlərə, «nəss» və «zahir»lərə, mənasını isə əsl və qollara, müxtəlif elm və maariflərə böldüyümüz) bir kitab gətirdik ki, o, iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir.
Yoxsa onlar onun tə’vil və yozumundan başqa bir şey gözləyirlər? (Onlar Qur’anın cəza və mükafat vədlərinin Qiyamətdə eynilə gerçəkləşməsindən başqa şey gözləyirlər?) Onun tə’vili gələn gün onu əvvəldən unutmuş kəslər «doğrudan da Rəbbimizin peyğəmbərləri bizə həqiqəti gətirdilər (lakin biz qəbul etmədik), buna görə də, görəsən (bu gün) bizim üçün bizə şəfaət edəcək şəfaətçilər varmı, yaxud etdiklərimizdən qeyrilərini yerinə yetirməyimiz üçün (dünyaya) qaytarıla bilərikmi?» deyəcəklər. (Xeyr,) onlar (həmin gün) şübhəsiz özlərini ziyana uğratmışlar və iftira etdikləri (yalandan Allaha şərik qoşduqları) şey onların gözlərindən itib.
Küləkləri rəhmətindən (yağışdan) qabaq müjdəçi olaraq göndərən Odur. Belə ki, (külək) ağır yüklü buludları götürdüyü zaman, Biz onu ölü məmləkətə tərəf qovuruq. Beləliklə, onun vasitəsilə suyu (yağış, qar və dolu şəklində) nazil edir, bu yolla (torpaqdan) hər növ meyvə və toxum çıxarırıq. (Qiyamət günü) ölüləri də belə çıxaracağıq. (Bu misalı çəkdik ki,) bəlkə öyüd-nəsihət aldınız.
Pak torpağın bitkisi öz Rəbbinin (əzəli) izni ilə (firavan və bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az və xeyirsiz çıxar (pak insanın təbiətindən gözəl əqidələr, adətlər və işlər, pis təbiətdən isə pis əqidə, sifət və əməllər baş qaldırır). Biz (Öz tovhid) ayələrimizi şükr edən bir dəstə üçün beləcə müxtəlif (şəkillərdə) gətiririk.
Həqiqətən Biz Nuhu öz qövmünə tərəf göndərdik. O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram».
Qövmünün böyükləri və başçıları dedilər: «Həqiqətən, Biz səni açıq-aşkar bir zəlalətdə görürük».
Beləliklə, onlar onu təkzib etdilər. Biz də ona və onunla birgə gəmidə olan hər bir kəsə nicat verdik və Bizim ayələrimizi təkzib edənləri (suda) batırdıq. Doğrudan da onlar kor qəlbli bir dəstə idilər.
Qövmünün kafir olan böyükləri və başçıları dedilər: «Doğrudan da biz səni səfehlik və nadanlıq içərisində görürük və həqiqətən səni yalançılardan hesab edirik».
Dedilər: «Sən bizim yanımıza gəlmisən ki, biz yalnız Allaha ibadət edək və atalarımızın ibadət etdiklərini boşlayaq? Onda əgər doğruçulardansansa, vəd etdiyini (ilahi əzabı) gətir».
1198 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
60 Səhifə