"Gün" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Gün" üzrə 1230 ayə tapıldı.
Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir.
Sonra onların hamısı Allaha – onların həqiqi və əsl ixtiyar sahibinə tərəf qaytarılacaqlar. Bilin ki, (o gün, barəsində heç bir mübahisə olmayan və mütləq) hakimiyyət (və varlıq aləmində ən təsirli hökm) Ona məxsusdur və O, hesab çəkənlərin ən sürətlisidir.
De: «Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!».
Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Qur’an vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (ilahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır.
De: «Allahı qoyub bizə nə bir xeyir verən və nə də bir ziyan vuran qeyrisinimi çağıraq (başqasına ibadət edək) və Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! (Cin) şeytanların(ın) yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki onun «bizə tərəf gəl!» (deyib) hidayətə doğru çağıran dostları vardır (lakin o, sərgərdanlıq və çaşqınlığın çoxluğundan həmin dəvəti qəbul etmir)». De: «Şübhəsiz, (həqiqi) hidayət Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur.»
«Və (həmçinin bizə əmr olunmuşdur ki,) namaz qılın və Ondan qorxun! (Qiyamət günü) Ona tərəf toplanılacaqsınız.»
Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. «Ol» deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü haqdır! Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!
Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda gördü, dedi: «Bu mənim Rəbbimdir, bu daha böyükdür!» (Günəş) batanda isə dedi: «Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.»
Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»
«Siz Allahın, barəsində sizə heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızdan qorxmadığınız halda mən sizin Allaha qoşduğunuz şərikdən necə qorxum? Bəs əgər bilirsinizsə bu iki dəstədən (təkallahlılardan və müşriklərdən) hansı (biri) amanda qalmağa daha layiqdir?!» (Təkallahlılar özlərini xeyir və zərəri olmayan cansızlardan, yəni bütlərdən, müşriklər isə bütün xeyir və ziyanların sahibindən yəni Allahdan amanda bilirlər).
Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda «mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!» deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.
Sübhü yaran (da Allah)dır. O, gecəni rahatlanma mənbəyi, günəş və ayı (düzgün və dəqiq) hesablama üçün vasitə etmişdir (ki, yerin öz oxu və günəş ətrafında fırlanmasından günəş ili və ayı, ayın yer kürəsi ətrafında fırlanmasından isə qəməri ili və ayı yaranır). Budur O qüdrətli və bilənin ölçü və miqyası!
Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.
(İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar.
(Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif və haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq və doğru olaraq (və ali və ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə də əsla şəkk edənlərdən olma.
Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!
Sizə nə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla – bütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: «Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir.
Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.
Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr və günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər və (bunu) dərk etmirlər.
Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir.
1230 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
62 Səhifə