"Gün" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Gün" üzrə 1230 ayə tapıldı.
Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): «Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz)». Və onların insanlardan olan dostları deyəcəklər: «Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar və biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) və bizim üçün təyin etdiyin o (ömür) müddət(inə və o bədbəxtlik həddin)ə gəlib çatdıq». (Allah) buyuracaq: «Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən sənin Rəbbin hikmətli və biləndir (bilir ki, kimə və nə qədər əzab versin).
(Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?» Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular)». Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar.
Hər bir (insan və cin, mömin və kafir, saleh və günahkar) kəs üçün etdiyi əməllərdən (əməlin özü, ruhun kamilliyi və axirət mənzilləri baxımından) dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir.
Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini və bir-birinə oxşayan və oxşamayan zeytunu və narı yaradan Odur. Bar verən zaman onların meyvə və məhsulundan yeyin və onun (Allahın) haqqını biçin (və məhsul yığılan) gün verin. (Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir.
Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz».
De: «Allahın bunları haram etməsinə şəhadət verən şahidlərinizi gətirin». Beləliklə, əgər şəhadət versələr, sən onlarla birgə şəhadət vermə və Bizim ayələrimizi təkzib edənlərin, axirət gününə imanı olmayanların və Rəbblərinə şərik qoşanların nəfsi istəklərinə tabe olma.
De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı - (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır.»
Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyəmətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik.»
Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.
De: «Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?! Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür. Sonra dönüşünüz Rəbbinizə tərəfdir. Beləliklə O, sizi barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.
Nə çox insan cəmiyyətləri ki, Biz onları həlak etdik. Bizim əzabımız onlar gecə rahatlığında və ya günorta istirahətində olarkən onlara yetişdi.
Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!
Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)».
De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən və cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçəkləşməsiylə Məhşərə qayıdacaqsınız. Lakin əzəli elmdə verilmiş xoşbəxtlik və bədbəxtlik hökmünün gerçəkliklə üst-üstə düşməsi ixtiyaridir).
Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir.
De: «Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!» De: «Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır». Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik.
De: «Həqiqətən mənim Rəbbim (pozğun əqidə və gizlində edilən çirkin əməllər kimi) pis işləri – istər onların aşkar olanını, istərsə də gizlisini – həmçinin, hər hansı bir günahı və (başqalarının hüquqlarına qarşı) haqsız həddi aşmağı, eləcə də barəsində Allahın heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızı və bilmədiyiniz şeyi Ona nisbət verməyinizi haram etmişdir».
Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk.
1230 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
62 Səhifə